Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin (1908-1938) anadan olmasının 115 illiyi münasibətilə tədbirlər keçirilib.

Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı “Yenə o bağ olaydı...” adlı tədbir keçirib. M.Müşfiqin “Coğrafiya”, “Məktəbli qız”, “Qaya”, “Zəhra üçün”, “Yenə o bağ olaydı...”, “Nə deməkdir?” şeirləri söylənilib, “Sevgi və gözəllik şairi” adlı videoçarx nümayiş etdirilib.

Masallı rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılıb. Qeyd olunub ki, M.Müşfiqin yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Mən şirin ləhcəli bir bülbüləm ki...” adlı ədəbi-bədii gecə keçirilib. Şairin şeirləri səsləndirilib, kitablarından ibarət sərgi təşkil edilib.

Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxanasında “Oxu, tar, Müşfiqi kim unudar...” adlı şeir saatı təşkil edilib. Tələbə və şagirdlər şairin “Duyğu yarpaqları”, “Müşfiqli günlərim” kitablarından şeir və xatirələri oxuyublar.

Nurəddin