Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) elan edilib. Bu çərçivədə bölgələrdə müxtəlif tədbirlər keçirilir.

Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülmüş işlərdən söhbət açıblar.

***

Yevlax şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Ailədaxili zorakılığa yox deyək!” adlı film təqdim olunub.

Yevlax şəhər Xaldan kənd Uşaq musiqi məktəbindəki tədbirdə şagirdlər tərəfindən insan hüquqlarına həsr olunan kompozisiya təqdim edilib.

***

Qax rayon Əmbərçay kənd kitabxanası və kənd klubu “Hüquq və azadlıqlarımız” adlı dəyirmi masa təşkil edib.

Qax Dövlət Gürcü Dram Teatrın kollektivi S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin Əlibəyli kənd Mədəniyyət evində “Hüququmuzu bilək ki, erkən nikahlara yox deyək!” adlı tədbir keçirib. Teatrın kollektivinin iştirakı ilə həmçinin “İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir təşkil edilib

***

Ağdam rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir” adlı tədbir keçirilib. Bildirilib ki, Azərbaycanın insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

***

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Hüquqları bilmək gələcəyimizin təminatıdır!” başlıqlı tədbirdə Ərkivan qəsəbə 2 və 4 saylı, Dəmirçi kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Bu mövzuda daha bir tədbir Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

***

Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialında “Hüquqlarını bil, erkən nikaha yox de!” adlı tədbir təşkil olunub. Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən danışıblar.

N.Məmmədli