Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 8-də Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Böyük Qayıdış: çadır düşərgələrindən başlayan yol” adlı tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin 1993-2003-cü illərdə qaçqınlar və məcburi köçkünlərlə görüşlərini, didərginlik məhrumiyyətləri ilə üzləşmiş insanlara qayğısını, onların müvəqqəti məskunlaşdıqları yerlərə xarici qonaqlar və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə səfərlərini və s. əks etdirən fotosərgi ilə tanış oldular.
60-a yaxın fotoşəkildə Heydər Əliyevin xalqının ağrı-acılarına ürəkdən şərik olan, bunları yüngülləşdirmək və aradan qaldırmaq üçün fədakarlıqla çalışan, müharibədən əziyyət çəkən vətəndaşlara hərtərəfli qayğı göstərən, onlarda gələcəyə ümid, torpaqlarımızın işğaldan mütləq azad ediləcəyinə inam yaradan müdrik rəhbər, sevilən lider obrazı təcəssümünü tapıb.
Sonra Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirdiyi dövlət siyasətinin əks olunduğu film nümayiş etdirildi.
Şuşa, Kəlbəcər, Laçın və Cəbrayıl rayonlarından olan ziyalılar Ulu öndərlə bağlı xatirələrini bölüşdülər. 2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfərdən sonra məcburi köçkün adından qurtulmağın qürurunu yaşadıqlarını bildirdilər.
Milli Məclisin deputatı akademik Rafael Hüseynov Ümummilli lider Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti haqqında söz açdı, onun 1993-cü ildə hakimiyyətə qayıdışının Azərbaycanın müstəqilliyi və dövlətçiliyi üçün xilas olduğunu vurğuladı: “Millət üçün ən ali dəyər istiqlaldır. 1993-cü ildə qayıdışla Ulu öndər istiqlalımızı qorudu, dövlətimizin möhkəm təməlini yaratdı...”.
Tədbir konsert proqramı ilə davam etdi. Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov, Səbuhi İbayev, Firuz Səxavətin ifasında muğam və təsniflər alqışlarla qarşılandı.
Lalə