“Başa düşürdüm ki, hökmən getməliyəm, çünki xalqın taleyi həll olunurdu...”
Azərbaycanın yeni tarixində 1993-cü ilin iyunu bütün mənalarda taleyüklü bir yolayrıcı idi. Siyasətdə səbatsızlar, idarəçilikdə naşılar üzündən Azərbaycan elə bir yolayrıcına gəlib çıxmışdı ki, bundan sonra ya kənarında olduğu uçuruma yuvarlanaraq dövlət kimi məhv olacaq, ya da bu uçurumdan uzaqlaşıb xilas yoluna çıxacaqdı. Tale Azərbaycana ikincini qismət etdi.
9 iyun 1993-cü il. Beş gün öncə Gəncədə baş verən olaylardan sonra hakimiyyət böhranı kritik həddə çatıb, ölkə faktiki idarəolunmaz hala gəlib. Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasında Gəncədə meydana gələn toqquşmanın rezonansı ölkəni günbəgün, saatbasaat vətəndaş müharibəsinə doğru götürməkdə idi.
Faktiki iflas etmiş Xalq Cəbhəsi iqtidarı artıq bir neçə gündür Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Bakıya çağırırdı. Heydər Əliyev iyunun 9-da onun üçün məxsusi olaraq göndərilən təyyarə ilə Bakıya gəldi...
Bir müddət sonra Heydər Əliyev müsahibələrindən birində bu barədə demişdi: “Bakıdan yanıma tez-tez adamlar gəlir, dilə tuturdular ki, siyasətə qayıdım. Lakin mən istəmirdim. Xalq Cəbhəsinin siyasətinə qoşulmaq istəmirdim. Çünki bu siyasət fəlakətə doğru aparırdı... Xalq Cəbhəsi gördü ki, işlər fənadır, sonları çatmaqdadır və xalq onları sadəcə olaraq didib-dağıdacaqdır. Buna görə də Elçibəy məni çağırmağı qərara aldı ki, vəziyyəti xilas edim. O, Naxçıvana mənə zəng vururdu, lakin mən dəstəyi götürmürdüm. O, yenə zəng vurdu. Mən dəstəyi yenə də götürmədim. İyunun 7-də onlar Bakıdan mənə təyyarə göndərdilər. Mən təyyarəni geri qaytartdırdım. İyunun 8-də onlar təzədən təyyarə göndərdilər. Mən Elçibəylə telefonla danışdım və Bakıya getməkdən imtina etdim. İyunun 9-da Surətin qoşunları Bakının 100 kilometrliyində idi. Elçibəy yenidən mənə təyyarə göndərdi. Yalvarıb-yaxardı ki, Bakıya gəlim, mən razılaşdım. Nə gizlədim, oraya gedib fəlakətli vəziyyəti görməyə qorxurdum, buna baxmayaraq, başa düşürdüm ki, hökmən getməliyəm, çünki xalqın taleyi həll olunurdu.
Başa düşəndə ki, xalqım vətəndaş müharibəsi həddindədir, onda mən buraya gəldim. Vətəndaş müharibəsi isə xalqın məhv olması, dövlətin sonu deməkdir... Odur ki, gəlməyə bilməzdim. Təkrar edirəm: Mən buraya tək, ürəyimin hökmü ilə gəldim ki, xalqıma ən dəhşətli fəlakətdən yaxa qurtarmaqda kömək edim...”.
Qarşıda Azərbaycanın xilası üçün, istiqlalı və istiqbalı naminə tarixə yazılacaq çətin, ağır, amma sonunda işıq olan bir yol var idi...
Vüqar Orxan