Noyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) üzvləri ilə görüşüb.
Klubun prezidenti Telman Əliyev qurumun fəaliyyəti ilə bağlı məlumat verib. 2002-ci ildə yaradılan Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun əsas məqsədi özəl sektorla dövlət təşkilatları arasında əlaqə yaratmaq, neft sektorundan əldə olunan gəlirlər hesabına qeyri-neft sektorunun inkişafını təşviq etməkdir. T.Əliyev turizm şirkətlərinin bu sahə ilə bağlı bəzi təkliflərini də açıqlayıb.
Azərbaycanda turizmin inkişafından söz açan Aydın İsmiyev son 6-7 ildə bu sahədə mühüm nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırıb. Bunu statistik rəqəmlər də göstərir. 2006-cı ildə ölkədə 288 mehmanxana fəaliyyət göstərdiyi halda, hazırda bu rəqəm 508-ə çatıb. Azərbaycanda 210 turizm şirkəti fəaliyyət göstərir: «Amma təəssüf ki, həmin şirkətlərin yalnız 130-a yaxını öz işinə məsuliyyətlə yanaşır. Bir çox turizm şirkətləri yalnız tur-paketlərin üzərinə 50 manat qoymaqla öz işlərini bitmiş hesab edirlər. Bununla da şirkət saxlamaq, onu inkişaf etdirmək qeyri-mümkündür. Həmin şirkətlərin əksəriyyəti yalnız eyni istiqamətli fəaliyyət göstərir, yayda Antalyaya, qışda Dubaya turlar təşkil etməklə öz fəaliyyətlərini yekunlaşdırırlar”.
Şöbə müdiri bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyəti ilə məşğul olan iş adamlarına 3 ulduzlu hotellər inşa etməyi tövsiyə edir. Onun sözlərinə görə, iş adamları regionlarda daha çox 4 və 5 ulduzlu hotellər tikməyə üstünlük verirlər. Lakin orta səviyyəli turistlər nəzərə alınmalı və onlar üçün münasib qiymətləri olan hotellər tikilməlidir.
Şöbə müdiri qeyd edib ki, ölkədə fəaliyyət göstərən mehmanxanaların 70 faizi lisenziya alıb. O ki qaldı qiymətlərin baha olmasına, bu daha çox mehmanxanaların sayının yetərincə olmaması ilə əlaqədardır: «Qiymətlər rəqabətdən asılı olaraq formalaşır. Əgər hansısa regionda yeni mehmanxanalar yaranarsa, onda rəqabət əsasında qiymətlər də enə bilər. Azərbaycan hotellərindəki qiymətlərin Türkiyə hotellərindəki qiymətlərlə müqayisə edilməsi doğru deyil. Çünki Türkiyədə bir bölgədə 500 hotel olduğu halda, Azərbaycanda hotellərin ümumi sayı təxminən bu qədərdir. Bizdə də mehmanxanaların sayı artdıqca rəqabət artacaq».
Nazirlik rəsmisi «Turizm haqqında» yeni qanun layihəsi barədə də danışaraq qeyd edib ki, layihə Dünya Turizm Təşkilatına göndərilmişdi və artıq bu qurumun ekspertləri rəylərini bildiriblər: “Hazırda DTT ekspertlərinin səfərini gözləyirik. Biz tam Avropa standartlarına cavab verən qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim etməliyik”.
Tədbirin sonunda Aydın İsmiyevə və Nazirlər Kabineti yanında Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü diplomu təqdim edilib.
F.Abdullayeva