Mədəniyyət Nazirliyində naşirlərin fikir və təklifləri dinlənilib...

 

Mədəniyyət Nazirliyində naşirlərlə görüş keçirilib. Görüşdə “Azərnəşr”, “Təhsil”, “Şərq-Qərb”, “TEAS Press”, “Hədəf Nəşrləri”, “Qanun”, “Parlaq imzalar”, “Altun kitab”, “Çapar Yayınları”, “Alatoran Yayınları”, “Libra”, “Çinar”, “Mimta Yayınları”, “Qədim Qala”, “Güvən” və digər nəşriyyatların nümayəndələri iştirak ediblər.

Naşirlərlə fikir mübadiləsi zamanı mədəniyyət naziri Adil Kərimli dövlətin bu sahəyə hər zaman qayğı ilə yanaşdığını bildirib. Ölkədə elmi, elmi-kütləvi mövzularda zəngin məzmuna malik nəşrlərin sayının artmasının, həmçinin kitaba, mütaliəyə marağın inkişaf etdirilməsinin vacibliyindən bəhs edib.

Daha sonra kitab sənayesi iştirakçılarının sahə ilə bağlı fikir və təklifləri dinlənilib.

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq dövlət qurumları ilə yerli nəşriyyat-poliqrafiya müəssisələri arasında bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, sahə ilə bağlı narahatlıq doğuran məsələləri və görülə biləcək işləri qeyd edib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə kitab sahəsi üzrə həyata keçirilən layihələrə naşirlərin hər zaman dəstək göstərməyə hazır olduqları vurğulanıb.

“Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov ötən il Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunan kitablara yerli və xarici oxucular tərəfindən böyük marağın olduğunu bildirib, həmçinin növbəti Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi ilə bağlı naşirlərin görmək istədikləri məqamları qeyd edib.

“Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov ölkə üzrə yayımlanan bütün nəşrlərə dair dəqiq statistik və təhlil xarakterli məlumatların ərsəyə gətirilməsində aidiyyəti qurumlarla yanaşı, bilavasitə Mədəniyyət Nazirliyinin dəstəyinə ehtiyac olduğunu deyib.

Görüşə qatılan digər nəşriyyat nümayəndələri dünya təcrübəsindən çıxış edərək ölkədə kitab sənayesi iştirakçılarının (yazarlar, naşirlər, tərcüməçilər, redaktorlar və s.) yetişməsini və inkişafını hədəfləyən layihələrin hazırlanması, yerli yazarların yaradıcılığını stimullaşdıracaq ədəbi mükafatın təsis edilməsi, Azərbaycan ədəbi-mədəni irsinin dünyada tanıdılması işinə xidmət edəcək tərcümə proqramının həyat keçirilməsi və başqa mühüm məsələlərə dair təkliflər səsləndiriblər.

Görüşün sonunda Adil Kərimli bütün fikirlərin bir daha nəzərdən keçiriləcəyini və sahə üzrə fəaliyyətin nəşriyyatlarla sıx əməkdaşlıq çərçivəsində davam etdiriləcəyini bildirib.