Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1992-ci il 24 oktyabr

 

Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəsi ilə mətbuatda dərc olunub. Azərbaycanın bir qrup  ziyalısının (91-lər) Heydər Əliyevə yaradılmaqda olan partiyaya rəhbərlik etməyə razılıq verməsi barədə müraciəti 16 oktyabrda mətbuatda yayılmışdı. Heydər Əliyevin bu müraciətə cavab məktubu Azərbaycanın gələcək inkişaf yoluna işıq salan proqram sənədi idi.

 

1992-ci il 12 noyabr

 

Heydər Əliyev Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi mərasimində çıxış edib.

“...Ali təhsilli kadr yetişdirmək, şübhəsiz ki, böyük təhsil, eyni zamanda, böyük əmək tələb edir. Ali təhsil ocaqlarında çalışan adamlara həmişə xalq arasında böyük hörmət və ehtiram var... Müəllim dövri-qədimdən, hələ vaxtilə əhalinin əksəriyyəti savadsız olduğu bir dövrdən, lap cəmiyyətdə kiçik bir yer tutduğu vaxtdan həmişə ən yüksək hörmətə malik olan adam, ən yüksək mənəviyyata malik olan adam kimi xalq arasında, kütlə arasında, insanlar arasında qəbul olunmuş bir şəxsiyyətdir...”.

 

1992-ci il 21 noyabr

 

Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis yığıncağı keçirilib. Heydər Əliyev partiyanın sədri seçilib.

 

1993-cü il 20 yanvar

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Qanlı Yanvar faciəsinin 3-cü ildönümü ilə əlaqədar Naxçıvandakı Şəhidlər xiyabanında keçirilən mitinqdə çıxış edib.

“O günün, o gecənin, o tarixi hadisənin mənası vətəninin, xalqının azadlığını müdafiə edərək həyatını qurban vermiş adamların dünyadan getməsi ilə tamamlanmır. Bu faciə Azərbaycan xalqına qarşı yönəldilmiş siyasi, hərbi və mənəvi təcavüz idi. Bu, Azərbaycan xalqının qüdrətini, iradəsini qırmağa yönəldilmiş əməliyyat idi...”.

 

1993-cü il 27 yanvar

 

Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Heydər Əliyevlə müsahibə dərc olunub.

“...Tarixin dərslərini, cəmiyyətin qırmızılara və ağlara bölünməsinin nəyə gətirdiyini unutmaq olmaz. Keçmişə irad insanların bölgüsündə əsas tutulmağa layiq olan meyar deyil... Tarixin bizə demokratik və əsl hüquqi bir cəmiyyət qurmağa imkan verdiyi bir dövrdə siyasi mübarizənin yalnız mədəni üsullarından istifadə edilməlidir.

“Keçmişlərin” böyük siyasətə qayıtması bütün dünyada normal hal sayılır. Yadınızdadır, Çörçill nə demişdir: “Əgər İngiltərənin mənafeyi tələb edərsə, mən öz dünya baxışlarımı üç dəfə dəyişməyə hazıram”. Dövlət xadimləri təkcə bu adı daşımaq yox, həqiqətən dövlət xadimi olmaq istəyirlərsə bunu rəhbər tutmalıdırlar... Öz xalqına kimin və necə xidmət etdiyinə isə tarix qiymət verəcək...”.

 

1993-cü il fevral-mart

 

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə müxtəlif ölkələrin və beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri ilə sıx təmasları yaranmışdı. 1993-cü ilin fevral-mart aylarında BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əl-Səid, ABŞ-nin Azərbaycandakı səfiri Riçard Mayls, Türkiyə səfiri Altan Karamanoğlu, Böyük Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəsi Harold Fomstok, Fransa səfiri Jan Perren və digər xarici nümayəndələrin Naxçıvana gəlməsi real vəziyyətin, Ermənistanın təcavüzkar hərəkətləri haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının aradan qaldırılması baxımından atılan önəmli addımların nəticəsi idi.

 

1993-cü il 16-19 mart

 

Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev İrana səfər edib. Səfər zamanı İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani və digər rəsmilərlə görüşlər keçirən Heydər Əliyev Azərbaycan Milli Ordusunun Qarabağda döyüşlərdə yaralanan və Tehran xəstəxanasında müalicə olunan əsgərlərinə də baş çəkib. O, həmçinin Təbrizə getmiş, Şərqi Azərbaycan ostandarı Əli Əbdüləlizadə ilə əməkdaşlıq haqqında protokol imzalamış, böyük Azərbaycan şairi Şəhriyarın məzarını ziyarət etmişdi.

 

1993-cü il 21-25 aprel

 

Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Türkiyəyə səfər edib. Aprelin 21-də İstanbulda Türkiyə Prezidenti Turqut Özalın (17 apreldə vəfat etmişdi) dəfn mərasiminə qatılan Heydər Əliyev 23-25 apreldə Ankarada olub. Türkiyənin Baş naziri Süleyman Dəmirəl və digər rəhbər şəxslərlə görüşlər keçirib, 23 apreldə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 73-cü ildönümünə həsr olunmuş iclasında iştirak edib.

 

1993-cü il 9 may

 

Heydər Əliyev Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivini qəbul edib.

 

1993-cü il 27 may

 

Heydər Əliyev Naxçıvan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 75 illiyi münasibətilə təntənəli yığıncaqda çıxış edib.

“... Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində əhəmiyyətli rol oynamışdır. Fəaliyyəti qısa bir dövrü əhatə etsə də, ilk milli-demokratik hökumət xalqın həyatında böyük dəyişikliklərin başlanğıcı oldu... Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun müvəffəqiyyəti məhz uzun əsrlər boyu xalqın müstəqillik və azadlıq idealının həyata keçirilməsi yolunda ilk addım kimi böyük əhəmiyyətə malikdir və biz bunu yüksək qiymətləndiririk...”.

Hazırladı: V.Orxan

(davamı var)