Dövlət Film Fondunda kinomuzun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə “Azərbaycanın sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində iyunun 9-da növbəti tədbir təşkil olundu. Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, kinooperator (təsvir rejissoru) Teyyub Axundovun yaradıcılığına həsr olunan tədbir eyni zamanda nakam şair Mikayıl Müşfiqin 115 illik yubileyinə töhfə idi.
Əvvəlcə Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Teyyub Axundovun kinooperator kimi lentə aldığı bədii və rejissor kimi çəkdiyi sənədli filmlər haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, o, filmlərində istər kadr tutumunda, istərsə də müxtəlif planlı personajların təqdimatında fikir və duyğularını ifadə etməyə nail olub. Özünəməxsus dəst-xətti ilə seçilən Teyyub Axundov 50-yə yaxın filmin quruluşçu operatoru olub. Bu silsiləyə sənədli, bədii filmlər, “Mozalan” kinosüjetləri daxildir.
Əməkdar incəsənət xadimləri Rafiq Qəmbərov və Aydın Kazımzadə sənətkar haqqında xatirələrini bölüşdülər. Bildirildi ki, fotoqrafiya və kinoya böyük həvəs göstərən operator 14 yaşından kinostudiyada “Almaz” filminin operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. II Dünya müharibəsi başlayanda cəbhəyə yollanıb. Müharibədə ön cəbhədə gördüyü dəhşətli mənzərələri fotolentə köçürməklə həm də müharibənin fotosalnaməsini yaradıb.
Çıxışlardan sonra Teyyub Axundovun şair Mikayıl Müşfiqə həsr etdiyi “Kainat olduqca şeir olacaq...” filmi təqdim olundu. Filmin nümayişindən sonra professor Abbasqulu Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və M.Müşfiq irsinin təbliğatçısı Sənan Talıbov tədbirin əhəmiyyətindən bəhs etdilər. O da vurğulandı ki, film sovet dövründə lentə alındığından Müşfiqin repressiyaya məruz qalması faktları montaj zamanı filmdən çıxarılıb. Bu baxımdan da çox dəyərli olan film sanki yarımçıq təsiri bağışlayır.
Qeyd edək ki, Teyyub Mirzəhəsən oğlu Axundov 30 yanvar 1920-ci ildə Bakıda anadan olub. Məktəbli çağlarından kino və fotoqrafiya sahəsinə maraq göstərib, kinostudiyada işləyib. 1941-1945-ci illər müharibəsində iştirak edib. 1946-cı ildə ordudan tərxis olunaraq kinostudiyaya qayıdıb. Həmin il kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya – Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna ali təhsil almağa göndərilib. 1952-ci ildə institutu bitirib, qısa müddət “Mosfilm” kinostudiyasında təcrübəçi kimi çalışıb. 1953-cü ildə Bakıya qayıdıb və ömrünü “Azərbaycanfilm” kinostudiyasına bağlayıb. 1991-ci ildə vəfat edib.
Lalə Azəri