Elza İbrahimovanın 85 illiyinə həsr olunan kitabın təqdimatı keçirildi

 

Bütün hisslərimizə tərcüman olan ən həzin nəğmələri ilə xatırlayırıq onu. Gah kövrəlir, gah boğazımıza düyünlənən qəhərdə uşaq kimi məsumlaşır, gah da hansısa xəyalın qanadlarında, Allah bilir, göyün neçənci qatında məsud oluruq. Məncə, Elza İbrahimova adlı təpədən-dırnağa bəstə, musiqi, duyğu, məhəbbət, dünyaya nəğmə missiyası ilə gələn mavigözlü, ağbənizli qanadsız mələyin yaradılış sirri bunda idi...

İyunun 9-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın (1938-2012) anadan olmasının 85 illiyinə həsr edilmiş “Sən yadıma düşəndə” adlı kitabın təqdimat mərasimi keçirildi. Şirin xatirələr qoynunda onu heç vaxt unuda bilməyənlər yenidən “Sən yadıma düşəndə”, “Sevgilim, tut əlimdən”, “Anamın sevimli nəğməsi”, “Mən sənin yanına qışda gəlirdim”, “Gecələr bulaq başı” kimi unudulmaz mahnıların qanadlarında Elza ənginliyinə qalxmağa çalışdılar.

Bəstəkarın qızı Zəhra İbrahimovanın (Ələkbərova) müəllifi olduğu kitab ABİ-nin dəstəyi ilə ərsəyə gəlib.

Musiqili tədbirin açılış çıxışını edən ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə Elza İbrahimovanın yaradıcılığından, ömrü boyu şövqlə çalışaraq milli musiqimizi zənginləşdirməsindən danışdı. Dedi ki, hər nəğməsində dünyaya, insanlığa, sənətə böyük sevgi və istedadı duyulan bəstəkarın bütün nəğmələrində onun qəlbinin döyüntüləri hiss olunur. Bildirildi ki, Elza İbrahimova dahi Üzeyir Hacıbəyli məktəbindən və xalq musiqisindən məharətlə bəhrələnib.

Sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova “Elza İbrahimovanın yaradıcılıq yolu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə “Elza İbrahimovanın mahnılarında söz və musiqinin vəhdəti” mövzularında çıxış etdilər. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Babayeva isə təqdim olunan kitab haqqında fikirlərini bölüşdü.

Millət vəkili Hikmət Babaoğlu (Məmmədov) da bəstəkarın yaradıcılığına olan sevgi və rəğbətini dilə gətirdi.

Çıxışlarda da vurğulandığı kimi, Elza xanımın yaradıcılıq illəri musiqi mədəniyyətimizin çox zəngin bir dövrünə təsadüf edib. Həmin dövrdə Tofiq Quliyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Rauf Hacıyev, Şəfiqə Axundova, eləcə də Oqtay Kazımi, Emin Sabitoğlu öz parlaq yaradıcılıqları ilə musiqi mədəniyyətimizdə, xüsusilə mahnı janrında yeni səhifələr açıblar. Məhz belə bir mərhələdə mahnı aləminə gəlmək, seçilmək, sevilmək asan deyildi. Təsadüfi deyil ki, Xalq şairi Bəxtiyar Vahabzadə Elza İbrahimovanı mahnı janrında “lövhə ustası” adlandıraraq onu gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə, iç dünyamızın rəssamı olduğunu deyib.

Doğrudan da, “Ey Vətən”, “Unuda bilməzsən”, “Qurban verərdim” və digər nümunələrdə biz sanki musiqi ilə çəkilən böyük rəsm tablolarını görə bilirik.

Elza İbrahimova yaşadığı dövrün ən tanınan ifaçılarının sevimli bəstəkarı idi. Onun “Yalan ha deyil” mahnısı görkəmli ifaçımız Şövkət Ələkbərova tərəfindən ifa olundu və bu, 31 yaşlı bəstəkarı qısa zamanda böyük sənətkarların diqqət mərkəzinə gətirdi. Dövrün bütün şöhrət zirvəsini dadan ifaçıları onun bəstələrinə müraciət edərək həm o nəğmələrin əbədiyaşarlığına, həm də öz ifaçılıqlarının fərqli üslublarda da unikallığına diqqət çəkdilər. Rəşid Behbudov, Flora Kərimova, Elmira Rəhimova, Oqtay Məmmədov, Gülağa Məmmədov, İslam Rzayev, İlhamə Quliyeva, Akif İslamzadə və başqalarının unudulmaz nəğmələrini yada salmaq kifayətdir ki, söz-bəstə-ifa üçbucağındakı qırılmaz rabitəni görə bilək.

Bu da təsadüfi deyildi. Çünki o, yaratdığı mahnılarda heç kimə bənzəməyən yaradıcılıq üslubunu təqdim etməyi bacarmışdı. Hər bir mahnıda poetik mətnin mənalılığını musiqi ilə daha da zənginləşdirməyə nail olan bəstəkar həmçinin fərqli musiqi istiqamətlərinin yaxşı bilicisi kimi çıxış edir. Yaratdığı mahnılarda biz Elza xanımın həm xalq musiqisinə, həm də şifahi ənənəli musiqiyə yaxından bələd olmasının şahidi oluruq. O, bütün bunları üzvi surətdə öz yaradıcılıq süzgəcindən keçirərək estrada üslublu mahnılar yaradıb.

Dövrün tanınmış şairlərinin şeirlərinə müraciət edən bəstəkar sözlərin mövzu dairəsinin zənginliyinə xüsusi önəm verib. Məhz buna görə də onun mahnılarının məzmun dairəsi öz fərqlilikləri ilə daim seçilib. Məşhur mahnısında da deyildiyi kimi, o sanki bütün ömrü boyu bizə bu sözləri pıçıldayıb: “Nəğmə dolu bir ürəyəm”. Məhz bu sözlərin bəstəkarın yaradıcılığı ilə nə qədər dərin bağlı olması adamı həm kövrəldir, həm də qəribə bir sevincə qərq edir.

Müsahibələrinin birində “Mən bəstəkarlığa heç vaxt pullu peşə kimi baxmamışam. Bəstəkarlığı özümə peşə seçimi yox, mənə həvalə olunmuş bir missiya sayıram” demişdi. Haqlı idi. O, bu fani dünyaya, hamımızın etibarsız deyə-deyə beşəlli yapışdığımız alov topuna sevgi dolu ürəyindən qopan nəğmələr bəxş etmək üçün gəlmişdi. Bir də öz hisslərinin hansı nəhənglikdə olduğunu göstərib getmək üçün...

Təqdimat mərasimi bəstəkarın unudulmaz nəğmələri ilə daha da yaddaqalan oldu. Müğənni Rövşən Əziz (Əməkdar artist Fəridə Hüseynovanın pianoda müşayiəti ilə) “Gecələr bulaq başı” (söz: Bəxtiyar Vahabzadə), “Təki sən səslə məni” (söz: Əliağa Kürçaylı) və Əməkdar artist Arzu Əliyeva “Sən yadıma düşəndə”, “Daha məndə dözüm yox” (hər ikisinin sözləri Dəmir Gədəbəylinindir) mahnılarını ifa etdilər. Bəstəkarın Xalq şairi Vahid Əzizin sözlərinə yazdığı “Mehribanım” mahnısını Xalq artisti Fidan Hacıyeva oxudu.

Tədbir bəstəkarın qardaşı, onun həyat və sənət irsinin yorulmaz təbliğatçısı Çingiz İbrahimovun təşkilatçı və iştirakçılara təşəkkür çıxışı ilə bitdi.

Həmidə