Olaylar, faktlar (13–16 iyun)

 

634 il əvvəl...

 

15 iyun 1389-cu ildə Kosovo düzündə (indiki Kosovonun paytaxtı Priştina yaxınlığında) baş verən tarixi döyüşdə Sultan Muradın başçılığı ilə Osmanlı qoşunları serb knyazı Lazarın ordusunu məğlub edib. Döyüşdən sonra Sultan Murad serb Miloş Obiliç tərəfindən sui-qəsdlə öldürülsə də, bu qalibiyyət Osmanlının Balkanlarda təxminən beş əsr sürən hökmranlığının başlanğıcı oldu.

 

227 il əvvəl...

 

13 iyun 1796-cı ildə Azərbaycanın şimal torpaqlarına yürüş edən general V.Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçiriblər. İşğal uzun çəkmədi və II Yekaterinanın ölümündən sonra taxta çıxan oğlu I Pavel ordunu geri çağırdı. Ruslar 1797-ci ilin martında Bakını tərk etdilər. Bir neçə ildən sonra (1804) Rusiyanın Azərbaycana növbəti və bu dəfə uzunmüddətli işğalçılıq yürüşü başladı.

 

105 il əvvəl...

 

16 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçüb. Cümhuriyyətin keçici paytaxtı elan edilən Gəncə Nuru paşanın başçılıq etdiyi türk (Osmanlı) qoşunlarının nəzarətində idi.

 

104 il əvvəl...

 

14 iyun 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə hərbi vəziyyət elan edib. Baş nazir Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsinə (11 iyunda yaradılmışdı) Muğandakı bolşevik təmayüllü qiyamı və ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarını yatırmaq üçün fövqəladə səlahiyyətlər verilib.

 

89 il əvvəl...

 

13 iyun 1934-cü ildə Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. İyunun 17-dək davam edən qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək yazıçılar ayrı-ayrı ədəbi birliklərdə fəaliyyət göstərirdilər.

 

77 il əvvəl...

 

14 iyun 1946-cı ildə Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib. 1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən sol təmayüllü Pişəvəri hökumətinə bölgədəki sovet qoşunları tərəfindən dəstək vardı. Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında (1947) həlak oldu.

 

52 il əvvəl...

 

13 iyun 1971-ci ildə Türkiyədə Mədəniyyət Nazirliyi təşkil edilib. Həmin vaxtadək ölkədə mədəniyyət sahəsinin idarə olunması Milli Təhsil Nazirliyinə bağlı idi. Buradakı müvafiq qurumun bazasında yeni nazirlik yaradıldı. 2003-cü ildə turizm sahəsini də əhatə etməklə Mədəniyyət və Turizm Nazirliyinə çevrildi.

 

30 il əvvəl...

 

15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni dövrün başlanğıcı oldu. 1997-ci ildə (27 iyun) Milli Məclis 15 iyunu Milli Qurtuluş Günü elan etdi.

Hazırladı: V.Orxan