Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Orta ixtisas musiqi məktəb-studiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, hazırda N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının tələbəsi olan Teymur Kazımov iyunun 9-da “Dobrovidenye” VIII Beynəlxalq Xalq Mahnısı Festivalının açılışında çıxış edib. Sankt-Peterburq Dövlət Tarix Muzeyində keçirilən konsertdə istedadlı vokalçının ifasında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Azərbaycan elləri” kompozisiyası səslənib.
“Dobrovidenye” musiqi festivalı 2016-cı ildən Sankt-Peterburqda keçirilir. MDB və digər ölkələrdən yaradıcı ifaçı və kollektivləri bir araya gətirən festivalda xalq musiqisi və rəqs irsinin ən yaxşı nümunələri, xalq musiqisi üzərində ərsəyə gələn müəllif əsərləri təqdim edilir.
9-11 iyun tarixlərində gerçəkləşən budəfəki festivalda şəhərin müxtəlif məkanlarında Rusiya, Çin, Hindistan, Azərbaycan, Belarus və başqa ölkələrin yaradıcı kollektiv və ifaçılarının iştirakı ilə konsertlər olub. Həmyerlimiz Teymur Kazımovun çıxışı da alqışlarla qarşılanıb.