Mütəxəssislər Azərbaycanın və Türkiyənin bu sahədə imkanlarını dəyərləndirdilər
   
   Noyabrın 8-də «JW Marriot Absheron Baku» hotelində Türkiyə-Azərbaycan Sağlamlıq və Termal Turizmi üzrə I Bakı Beynəlxalq Konqres və İşbirliyi Günləri başlandı.
   
   Tədbirdə Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin, iki ölkənin sanatoriya və kurortlarının, turizm şirkətlərinin, AMEA, Azərbaycan Sahibkarlar Konfederasiyası, Həmkarlar İttifaqları Konfederasiyası, Turizm Assosiasiyasının nümayəndələri, Türkiyənin bəzi bələdiyyə qurumları, sağlamlıq və termal turizm müəssisələri, Türk Hava Yolları və Türkiyənin Bakıdakı səfirliyinin təmsilçiləri iştirak edir.
   Tədbirin təşkilatçılarından olan «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev toplantını açaraq Azərbaycanda sağlamlıq turizminin geniş potensiala malik olduğunu nəzərə çatdırdı. Onun sözlərinə görə, bu konqresin keçirilməsi iki ölkə arasında sağlamlıq turizmi üzrə qarşılıqlı təcrübə mübadiləsinə töhfə olacaq: «Türkiyə turizm sahəsində bir çox nailiyyətlər əldə edib. Xüsusilə sağlamlıq turizmi istiqamətində yeni inkişaf mərhələsi müşahidə olunur. Biz də çalışırıq ki, sağlamlıq turizmi sahəsində ölkəmizdə mövcud olan imkanlardan daha çox yararlanaq, Naftalan, Duzdağ kimi təbii kurortlarımızı bir marka kimi tanıdaraq, Azərbaycana turist axınına nail olaq».
   Tədbirin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə keçirildiyini deyən R.Quliyev bildirdi ki, bu belə böyük formatda ilk toplantıdır: «Burada 500 nəfərə yaxın qonaq iştirak edir. Qazaxıstandan və digər qonşu ölkələrdən də iştirakçılar var. Gələcəkdə bu səpgidə tədbirlərin coğrafiyasını genişləndirmək niyyətimiz var».
   Səhiyyə Nazirliyinin nümayəndəsi Əlişir Musayev Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük imkanların olduğunu nəzərə çatdırdı: «Azərbaycanda sağlamlıq turizminin inkişaf etdirilməsi üçün ölkə başçısının xüsusi sərəncamları olub, kurortların inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib. Bu sahənin inkişafına ölkəmizdə xüsusi əhəmiyyət verilir və bu addımlar davamlı olacaq. Bu sahədə çoxsaylı işlər bu gün də görülür. Belə tədbirlərin keçirilməsi çox təqdirəlayiqdir».
   Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun hər iki ölkədə sağlamlıq turizminin inkişafı üçün böyük imkanlar olduğunu dedi: “Buna görə də hər iki ölkənin sağlamlıq turizmi sahəsindəki imkanlarını birgə dəyərləndirməsi lazımdır».
   Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan Türkiyənin sağlamlıq turizmi barədə məlumat verdi: “Turizmin bu növünün yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir. Hər il 150 min turist ölkəmizə müalicə məqsədilə səfər edir. Ölkəmizin müalicə turizmində əldə etdiyi ən böyük üstünlük isə keyfiyyətli xidmət və əlverişli qiymətlərdir. Hazırda Türkiyədə onkologiya, ürək-damar xəstəlikləri, orqan nəqli, plastik cərrahiyyə, stomatologiya, göz xəstəlikləri və s. üzrə ixtisaslaşmış tibb mərkəzləri fəaliyyət göstərir. Bununla bərabər, Türkiyədə təxminən 1500-dək termal sağlamlıq mərkəzi var».
   Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov da ölkəmizdə müalicə turizminin inkişafı üçün daha böyük imkanlar olduğunu vurğuladı: “Azərbaycanın təbiəti, iqlim müxtəlifliyi turizmin bu növü üçün əlverişli şərait yaradır: Müalicəvi Naftalan nefti, duz mədənləri, palçıq vulkanları, bulaqlar və mineral sular, termal qaynaqlar üstünlük təşkil edir. Son illər bu sahənin inkişafını təmin etmək məqsədilə müxtəlif qanunlar qəbul edilib. Xüsusilə Xəzərboyu ərazilərdə kurort, sanatoriya və digər istirahət yerlərinin yaradılması üçün əlverişli şərait var”.
   Tədbir müxtəlif istiqamətli mövzuların müzakirəsi ilə davam etdirildi. Konqres noyabrın 9-da başa çatacaq.
   
   F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar