Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri tərəfindən 18 may - 18 iyun tarixlərini əhatə edən “İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) ilə əlaqədar müxtəlif tədbirlər keçirilib.

Müslüm Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbində aksiya çərçivəsində mühazirə keçirilib. Nəzəriyyə şöbəsinin müəllimi çıxışında “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 18 yaşına çatmayan şəxslərin uşaq hesab edildiyi, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etmək, öz fikirlərini ifadə etmək hüquqlarının olduğunu bildirib.

***

Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində təşkil olunan tədbirdə “İnsan hüquqları aylığı”nın əhəmiyyəti qeyd edilib. Bildirilib ki, insan  hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İnsan hüquqlarını qorumaq baxımından ölkədə vətəndaşların cinsinə, irqinə,  dininə, dilinə, milliyyətinə, ictimai-sosial mənşəyinə və s. amillərə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, hüquqlarının məhdudlaşdırılması qəti  qadağandır.

Tədbir iştirakçılarına insan hüquqları anlayışı, onun mahiyyəti, beynəlxalq  hüquqda yeri, inkişaf dinamikası, müxtəlif meyarlar üzrə təsnifatı barədə məlumat verilib.

***

30 nömrəli Uşaq musiqi məktəbi tərəfindən “İnsan hüquqları aylığı”  çərçivəsində mühazirə keçirilib. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Azərbaycan Respublikasının Konstitusiyası əsasında insan azadlıqları və hüquq müdafiəsi ətrafında məktəb kollektivi ilə müzakirələr aparılıb.

***

10 nömrəli Uşaq musiqi məktəbində “İşçilərin və şagirdlərin hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib, mühazirə dinlənilib. Mühazirədən sonra dinləyicilər tərəfindən gender bərabərliyi, qadın zorakılığı, xüsusi qayğıya ehtiyacı olan şəxslər və s. məsələlər barədə verilmiş suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

***

“İnsan hüquqları aylığı” çərçivəsində Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbi Nəzəriyyə şöbəsinin müəllimləri tərəfindən şagirdlərlə mütəmadi söhbətlər aparılıb və mühazirələr təşkil olunub. Hər bir insanın öz hüquqlarını mütləq şəkildə bilməli və hər zaman müdafiə etməli olduğu şagirdlərin diqqətinə çatdırılıb.

***

5 nömrəli Uşaq incəsənət məktəbində keçirilən tədbirdə Prezident Heydər Əliyevin 189 iyun 1998-ci il tarixli sərəncamı ilə ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, müasir dövrdə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin üstünlüklərindən bəhs edərkən mütləq şəkildə iki sənədin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bunlar Prezident İlham Əliyevin 28 dekabr 2006-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və 27 dekabr 2011-ci ildə imzalanmış “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”dır. 

Sonda şagirdlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

***

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində mühazirə keçirilib. Məlumat verilib ki, Azərbaycan Respublikası qurulduğu vaxtdan etibarən insan hüquqlarının qorunması istiqamətində çoxsaylı tədbirlər görülüb. Konstitusiyamızın 71-ci maddəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı adlanır. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.