Mədəniyyət naziri Adil Kərimli Gəncə bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda bir sıra mədəniyyət və bədii təhsil ocaqlarının fəaliyyəti, tarixi abidələrin vəziyyəti ilə tanış olub.
Nazirə vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın hazırda muzey olan evi və Alman lüteran kilsəsi barədə məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb. Viktor Klaynın evi də bu sərəncamın icrası ilə bağlı tədbirlər çərçivəsində muzeyə çevrilib. V.Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə burada vəfat edib.
1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda burada Göygöl Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.
Adil Kərimli daha sonra rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Mədəniyyət Mərkəzi, Aşıq Şəmşir adına Uşaq musiqi məktəbi və rayon Polis Şöbəsinin keçmiş binasına (hazırda Mədəniyyət Nazirliyinin balasındadır) baxış keçirib.
Nazir mehmanxana binası, inzibati bina və yeni aşkar edilmiş katakombalarla (zirzəmi) tanış olub. Katakombaların turizm əhəmiyyəti, təmir-bərpa edilərək istifadəsi istiqamətində fikir mübadiləsi aparılıb.
Baxış zamanı müəssisələrin fəaliyyətinin canlandırılması, mövcud imkanlardan daha səmərəli istifadə olunması, tarixi tikililərin mühafizəsinin müasir tələblərə uyğun şəkildə təmin edilməsi ilə bağlı tapşırılar verilib.