Mədəniyyət Nazirliyinin “Yeni adlar” musiqi layihəsi davam edir. 2022-ci ilin mart ayından həyata keçirilən layihə bu il Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
İyunun 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında layihənin növbəti konserti keçirildi. Bu dəfə layihədə violin və piano dueti təqdim olundu.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Zərrin Əliyeva (violin) və Nərminə İsmayılova (piano) çıxış etdilər.
Zərrin Əliyevanın ifasında Y.Sibeliusun “Violin və orkestr üçün konsert” (re minor, op. 47, 3 hissədə), Nərmin İsmayılovanın təqdimatında isə S.Raxmaninovun “Piano və orkestr üçün 2 nömrəli konsert” (do minor, op. 18, 3 hissədə) əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə də vardı.
***
Zərrin Əliyeva 2001-ci ildə Bakıda anadan olub. Musiqi təhsilinə 2008-ci ildə violin aləti üzrə 36 saylı Musiqi məktəbində başlayıb. 2011-2019-cu illərdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təhsil alıb. 2019-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına (professor Hökümə Əliyevanın sinfi) qəbul olunub. Hazırda BMA-nın IV kursunda təhsilini davam etdirir.
2013-cü ildə Bakıda Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində, həmçinin Belçikanın Namur şəhərində keçirilən VI beynəlxalq “Bravo” müsabiqəsində II yerə layiq görülüb. 2015-ci ildə Moskvanın Kreml Sarayında təşkil olunan III beynəlxalq “Musiqi nəsilləri” uşaq festivalında Prezident Simfonik Orkestri ilə çıxış edib. 2019-cu ildə Gürcüstanın Borjomi şəhərində I “Harmony” beynəlxalq müsabiqəsində Qran-pri, 2020-ci ildə Rostov şəhərində “Cənub rapsodiyası” beynəlxalq müsabiqəsində Qran-pri, 2021-ci ildə isə Avstraliyada “Brisbane” beynəlxalq gənclik festivalında I yerə layiq görülüb.
Gənc ifaçı 2017-ci ildə Prezidentin xüsusi təqaüdünə layiq görülməklə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. 2019-cu ildən etibarən Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərlik etdiyi “Detaşe” qızlar ansamblının konsertmeysteridir. 2022-ci ildən Bakı Kamera Orkestrində fəaliyyət göstərir.
***
Nərminə İsmayılova 2000-ci ildə Bakıda anadan olub. 2018-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fortepiano ixtisası üzrə bitirib, həmin ildən təhsilini BMA-da davam etdirib. Hazırda BMA-nın magistrantıdır.
2013-cü ildə Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində I yerə layiq görülüb. 2015-ci ildə Qazaxıstanda “Astana piano passion” beynəlxalq müsabiqəsində diplomla təltif olunub. 2016-cı ildə Estoniyanın Narva şəhərində Şopen adına XI beynəlxalq müsabiqədə laureat adını qazanıb. Həmin il Polşanın Torun şəhərində XXIV beynəlxalq Şopen müsabiqəsində diplomla təltif edilib. 2018-ci ildə isə Gürcüstanda keçirilən II “Vaja Çaçava” adına beynəlxalq müsabiqədə I yerə layiq görülüb.
Nurəddin