“WTM 2012” sərgisində Azərbaycanın stendi maraqla qarşılanıb 
   
   Xəbər verdiyimiz kimi, noyabrın 5-dən 8-dək Böyük Britaniyanın paytaxtı Londonda keçirilən «WTM 2012» Beynəlxalq Turizm Sərgisində ölkəmiz mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti ilə təmsil olunub.
   
   Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Azərbaycan Dövlət Rəqs Ansamblının 4 üzvü, AzTV-nin 2 əməkdaşı, habelə 10-dək yerli turizm şirkətinin, «Four Seasons Baku», «Jumeirah Bilgah Beach» hotelləri və Azərbaycan Qolf Federasiyasının təmsilçiləri daxil idi.
   Leyla Verdiyevanın qəzetimizə verdiyi məlumata görə, 2002-ci ildən başlayaraq Azərbaycan artıq onuncu dəfədir ki, London sərgisində təmsil olunur. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis dilində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanıb: “Sərgidə 180-dən çox ölkə təmsil olunurdu. Ümumiyyətlə, «WTM» dünyanın ən böyük turizm sərgilərindən biridir. Bu il 4 gün ərzində sərgini 40 minə yaxın insan ziyarət edib».
   Nazirlik rəsmisi onu da qeyd etdi ki, Böyük Britaniya mətbuatı sərgi ilə bağlı məlumatlara geniş yer verib: «Bizim stendlə də yaxından maraqlanırdılar. Bir neçə televiziya və qəzet nazir Əbülfəs Qarayevdən müsahibə aldılar. Azərbaycanın turizm şirkətlərinin nümayəndələri sərgi günlərində fəallıq göstərdilər. Onlar müxtəlif ölkələrin şirkətləri ilə əməkdaşlıqla bağlı müzakirələr apardılar, gələcək fəaliyyət üçün müqavilə sənədləri imzaladılar».
   Həmsöhbətimiz beynəlxalq sərgilərdə iştirakın əhəmiyyətindən də danışdı. Onun sözlərinə görə, belə tədbirlərdə Azərbaycanın regionlarına, tarixi abidələrinə, istirahət mərkəzlərinə marağın ildən-ilə artdığı hiss olunur.
   Qeyd edək ki, «WTM 2012» sərgisində respublikamızın turizm imkanlarını əks etdirən 105 kv.m sahədə lövhə quraşdırılıb, lövhədə «Azərbaycan Hava Yolları» aviaşirkəti üçün xüsusi yer ayrılıb.

   Fəxriyyə Abdullayeva