Olaylar, faktlar (17–20 iyun)

 

17 iyun “Dünya səhralaşma və quraqlıqla mübarizə günü”dür (World Day to Combat Desertification and Drought). BMT Baş Assambleyasının 30 yanvar 1995-ci il tarixli qətnaməsi ilə təsis edilib.

20 iyun “Dünya qaçqınlar günü”dür (World Refugee Day). BMT Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 4-də təsis edilib.

 

276 il əvvəl...

 

20 iyun 1747-ci ildə Nadir şah Əfşar (1688-1747) sui-qəsd nəticəsində öldürülüb. Nadir sonuncu Səfəvi hökmdarı III Şah Abbasın ordu komandanı olub. 1736-cı ildə III Şah Abbasın ölümündən sonra Suqovuşanda (Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. Nadir şah Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyirdi. Lakin onun Azərbaycanı İran taxtı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğururdu. Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu imperatorluq ölümündən sonra dağıldı.

 

208 il əvvəl...

 

18 iyun 1815-ci ildə Napoleon ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələnən Vaterloo (Belçikada yaşayış məntəqəsi) döyüşü olub. Müttəfiqlər tərəfindən sürgünə göndərildiyi Elba adasından qaçaraq Fransaya gələn (“100 günlük hakimiyyət”) və ordusunu yenidən toplayaraq Belçika üzərinə hücuma keçən Napoleon ingilis-holland-alman qüvvələri tərəfindən məğlub edilib. Bundan sonra İngiltərənin nəzarətində olan Müqəddəs Yelena adasına ömürlük sürgün olunub.

 

105 il əvvəl...

 

17 iyun 1918-ci ildə Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası yaranmış vəziyyəti nəzərə alaraq fəaliyyətini dayandırmaq və yeni parlament formalaşanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu addım Nuru paşanın tövsiyəsi ilə, daşnak-bolşevik (“Bakı Soveti”) qüvvələri ilə mübarizədə çevik qərarlar qəbul etmək naminə atılmışdı. İyunun 16-18-də Kürdəmir cəbhəsində, Göyçayın Qaraməryəm kəndi yaxınlığında ilk döyüş oldu.

 

17 iyun 1918-ci ildə Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi təşkil olunub, Xudadat bəy Rəfibəyli səhiyyə naziri təyin edilib. Prezident Heydər Əliyevin 4 iyun 2001-ci ildə imzaladığı sərəncamla 17 iyun Azərbaycanda tibb işçilərinin peşə bayramı günü elan olunub.

 

103 il əvvəl...

 

19 iyun 1920-ci ildə Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları (Aram Erkayan, Misak Qriqoryan) tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.

 

79 il əvvəl...

 

17 iyun 1944-cü ildə Danimarka ilə İslandiya arasında uniya (ittifaq) sona çatıb. Hər iki ölkədə keçirilən referendum nəticəsində İslandiya müstəqil respublika elan olunub. Buzlaqlar ölkəsi İslandiya (ərazisi 103 min kvadrat kilometr) XIV əsrin sonundan Danimarkanın hökmranlığı altında idi. Uniya isə 1918-ci ildə yaradılmışdı.

 

62 il əvvəl...

 

19 iyun 1961-ci ildə Küveyt müstəqillik əldə edib. XVI əsrdən Osmanlı imperiyası tərkibində olan Küveyt 1899-cu ildə Britaniyanın protektoratlığına keçmişdi.

 

25 il əvvəl...

 

18 iyun 1998-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı (2007) ilə bu tarix “İnsan hüquqları günü” kimi təsis olunub.

Hazırladı: V.Orxan