Lənkəran Dövlət Dram Teatrının truppası 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Anar Babalının müəllifi və quruluşçu rejissoru olduğu “Haqqın 44 günü” tamaşası ilə Lənkəran Sərhəd Dəstəsinin əsgər və zabitləri qarşısında çıxış edib.
Tamaşadan öncə teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı və hərbi hissənin komandir müavini polkovnik-leytenant Ələkbər Lalayev çıxış edərək Milli Qurtuluş Gününü tariximizə və milli şüurumuza yazılan şərəfli tarix kimi dəyərləndiriblər.
Qeyd olunub ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ordu quruculuğundan mədəniyyətədək bütün sahələrə diqqət və qayğı artıb. Otuz il əvvəl başlanan milli dövlət quruculuğu yolu bu gün uğurla davam etdirilir.
Sonra tamaşa nümayiş olunub. 2020-ci ilin Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük Zəfərdən bəhs edən səhnə əsərində igid oğullarımızın döyüşlərdə göstərdiyi şücaət obrazlı şəkildə əksini tapıb.
Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimli, Aysel Babazadə, Amil İbrahimli, Vəfa Hacızadə, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.