Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Laçına çatıb.
Ümumilikdə 72 nəfər olmaqla 22 ailə doğma yurda qovuşmağın sevincini yaşayıb. İllərin ayrılığından sonra Laçın şəhərinə dönən sakinlər əlamətdar gündə sevinc göz yaşlarını saxlaya bilməyiblər.
Sakinləri aidiyyəti qurumların təmsilçiləri qarşılayıblar. Bildirilib ki, onların yaşaması üçün bütün zəruri şərait yaradılıb, evlər tarixi memarlıq üslubu qorunmaqla müasir standartlara uyğun bərpa edilib.
Laçına qayıdan ailələr Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.
Xatırladaq ki, bundan əvvəl, mayın 28-də Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.