Şuşada Azərbaycan-Türkiyə konfransı keçirilib
İyunun 15-də Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı konfrans keçirilib.
Tədbirdə iki ölkənin dövlət himnləri səslənib. Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Qurtuluşdan Zəfərə” adlı film nümayiş etdirilib.
Konfransda çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 2023-cü il bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə üçün olduqca əlamətdardır. 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Eyni zamanda bu il Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən söz açan Tahir Budaqov vurğulayıb ki, Ümummilli liderin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanı Qurtuluşdan tərəqqiyə aparan möhtəşəm dövr kimi tarixə əbədi həkk olunub.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ən yüksək səviyyədə dünyaya nümayiş olunduğunu deyən Tahir Budaqov əlavə edib ki, iki il əvvəl – 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlər rəsmən müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.
AKP sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Şuşada 15 İyun – Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümündə belə bir tədbirdə iştirak etməkdən qürur duyduğunu deyib: “Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı zaman keçdikcə daha da dərinləşir. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycanla Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağın yenidən qurulmasında Türkiyənin yaxından iştirak etməsindən məmnunluq duyuruq”.
Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığında tarixi rolundan bəhs edən Binəli Yıldırım qeyd edib ki, onun Azərbaycanda reallaşdırdığı neft strategiyası, Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər layihələr bugünkü Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına mühüm təməl olub.
Türk Dövlətləri Təşkilatının fəaliyyətindən də bəhs edən məruzəçi qeyd edib ki, İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türkdilli dövlətlər arasında əlaqələr daha da möhkəmlənəcək: “Bizim məqsədimiz aydındır. Hədəfimiz bölgədə rifahı və hüzuru artırmaq, sülh və sabitliyə nail olmaqdır. TDT hansısa ölkəni təhdid edən təşkilat deyil, amma bizə qarşı hər hansı haqsızlıq olarsa, cavab verməyə hazırıq”.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Türkiyənin Bursa şəhərindən təhvil alan Şuşada keçirilən və nəzərdə tutulan tədbirlərdən, şəhərdəki bərpa və yenidənqurma işlərindən bəhs edib.
Qeyd edib ki, Şuşa işğaldan azad olunduqdan dərhal sonra beynəlxalq müstəvidə dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində mühüm addımlar atılıb. Ötən müddətdə müxtəlif ölkələrin 9 şəhəri ilə qardaşlaşma və tərəfdaşlığa dair protokol imzalanmışdır ki, bunlardan ikisi Türkiyənin Ərzurum və Kayseri şəhərləridir. Həmçinin Qazaxıstanın Türküstan, Özbəkistanın isə Xivə şəhərləri ilə qardaşlıq münasibətləri qurulub. Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Macarıstanın Vesprem şəhəri də Şuşa ilə əməkdaşlıq əlaqələri quran şəhərlər sırasındadır.
Konfransda daha sonra AKP sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Efkan Ala, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən, TBMM-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış ediblər.
Konfrans panel iclasla davam edib. İştirakçılar Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olub, Yuxarı Gövhər ağa məscidi və Saatlı məscidini ziyarət edib, “Heydər Əliyev və Qarabağ” fotosərgisinə və XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgiyə baxış keçiriblər.