Bakı-Dağlıq Qarabağ turizm marşrutunun təbliği gücləndiriləcək
   
   “Bu, siyasi təbliğat baxımından da ölkəmizə üstünlüklər əldə etməyə imkan verər”
   
   Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm imkanlarını dünyaya tanıtmaq, daha çox əcnəbi qonağın diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə hələ 2003-cü ildə o vaxtkı Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan biri də Bakı-Dağlıq Qarabağ marşrutudur.
   
   Torpaqlarımızın işğal altında olması səbəbindən bu marşrut üzrə turist səfərləri təşkil etmək mümkün deyil. Üstəlik bədnam qonşular öz xislətlərinə uyğun olaraq Dağlıq Qarabağa əsassız iddialarını müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində də ortaya qoymağa, cənnət Qarabağımızı öz əraziləri kimi təqdim etməyə çalışırlar. Təbii ki, həmin sərgilərdə iştirak edən nümayəndə heyətlərimizin, eləcə də konkret ölkədəki səfirliyimizin səyləri ilə bu cəhdlərin qarşısı alınır.
   Bəs Azərbaycanın yerli turizm şirkətləri və aidiyyəti turizm qurumları Bakı-Dağlıq Qarabağ turizm marşrutunun təbliği istiqamətində hansı addımları atırlar?
   «R&R Travel Company»ın direktoru Rüstəm Əhmədovun sözlərinə görə, Qarabağ turizm zonası Şuşa, Kəlbəcər, Ağdam və Bərdə rayonlarını əhatə edir. Şuşanın, Kəlbəcərin və Ağdamın bir hissəsinin işğal olunduğunu nəzərə alsaq, bu marşrutun reallaşdırılması mümkün görünmür. Amma bu tək biznes məsələsi deyil: “Zənnimcə, problem həm də ondadır ki, biz turizm sənayeçiləri indiyədək bu istiqaməti digər turizm marşrutlarımız kimi təbliğ edə bilməmişik. Məsələn, Qarabağ marşrutu üzrə Yaxın və Orta Şərqin ticarət mərkəzi kimi tanınmış, Şərqin ilk qadın hökmdarı Nüşabənin vətəni olan Bərdəyə turist səfərləri təşkil edə bilərik. Və ya Ağdam rayonunda işğal altında olmayan bir çox tarixi abidələri, məqbərələri, o cümlədən bu gün rayonun Qaradağlı kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyini turistlərə göstərə bilərik. Həmçinin əcnəbi qonaqları Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Ağcabədi rayonunun Boyat kəndindəki Pənahəli xanın qalasına apara bilərik. Bu ərazidə tarixçilərin Misir ehramları ilə müqayisə etdikləri eneolit və tunc dövrlərinə aid Kamiltəpə, Nərgiztəpə, Qalatəpə və s. yaşayış məskənləri var. Bənzərsiz heyvanat aləminə mənsub Ağgöl Milli Parkı, yuxarı Qarabağ kanalı, bundan əlavə, musiqi sənətimizə görkəmli simalar vermiş rayonun mədəni irsini, incəsənət xadimlərini təbliğ edə bilərik. Mən hələ dünya şöhrətli Qarabağ xalıları, Qarabağ atları və zəngin Qarabağ mətbəxini demirəm”.
   Şirkət rəhbəri bildirdi ki, bu gün Qəbələ rayonu müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən gözəl şəhərə çevrilib. Bu tədbirlərin Qəbələdə keçirilməsində bölgədə gerçəkləşən böyük infrastruktur layihələrinin, o cümlədən beynəlxalq aeroportun rolu danılmazdır: «Ölkənin turizm zonalarına diqqət yetirsək görərik ki, Şimal-Qərb turizm zonasında iki aeroport var - Qəbələ və Zaqatalada, Cənub zonasında Lənkəranda, Qərb zonasında Gəncədə, Naxçıvan turizm zonasında Naxçıvanda hava limanı var. «Şahdağ» Qış-Yay Turizm Kompleksinin tikintisindən sonra yəqin ki, Şimal zonasında da aeroport tikiləcək. Yaxşı olardı ki, Ağcabədi rayonunda da beynəlxalq aeroport tikilsin. Bu ideya gerçəkləşərsə, bölgənin hərtərəfli inkişafı, o cümlədən yerli əhalinin sosial rifahının artmasına təsir göstərməklə yanaşı, həm də siyasi təbliğat baxımından Azərbaycana üstünlüklər əldə etməyə imkan verər. Təsəvvür edin, bölgəni görmək istəyən qonaqlar, turistlər, lap elə ATƏT-in Minsk Qrupunun üzvləri və ya Avropa parlamentarları Ağcabədidəki «Qarabağ» aeroportuna bilet alır, bütün beynəlxalq rezervasiya sistemlərində «Qarabağ» aeroportu Azərbaycanın adı ilə onun ərazisi olaraq qeyd olunur. Fikrimcə, belə bir hava limanı açılarsa, bu, bütövlükdə bölgənin turizm potensialının inkişafına və Qarabağ marşrutunun daha fəal təbliğinə birmənalı şəkildə müsbət təsir göstərə bilər».
   R.Əhmədovun sözlərinə görə, investorlarımız Aran Qarabağda mehmanxana və istirahət obyektlərinin tikintisinə xüsusi önəm verməlidirlər: «Bu, bizə tariximizin təbliğatı üçün olduqca vacibdir, eyni zamanda yerli əhalinin məşğulluğunun artırılması baxımından əhəmiyyətlidir».
   Həmsöhbətimiz səsləndirdiyi təklifləri paket şəklində Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdiyini də söylədi.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, Bakı-Qarabağ turizm marşrutu nazirliyin iştirak etdiyi bütün sərgilərdə təbliğ olunur. Bölgənin turizm imkanlarını əks etdirən reklam-çap məhsulları ziyarətçilərə paylanır. O ki qaldı bu istiqamətdə səslənən təkliflərə, sektor müdiri bildirdi ki, belə təkliflər nazirlik tərəfindən həmişə diqqətlə qarşılanır: «Konkret olaraq Rüstəm Əhmədovun təkliflərinə gəldikdə, hesab edirəm ki, onlar çox maraqlı təkliflərdir. Hazırda bu təkliflərə baxılır. Yəqin ki, gələcəkdə onlar nəzərə alınacaq».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar