Azərbaycan

 

21 iyun 1794 – Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakının Əmircan (Xilə) kəndində anadan olub. 1819-1845-ci illərdə çar Rusiyasının Tiflisdəki Qafqaz Baş Hərbi İdarəsində tərcüməçi işləyib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında iştirak edib. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.

21 iyun 1933 – Xalq artisti, xanəndə Tələt Məmmədağa oğlu Qasımov (1933 – 28.7.2013) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Konsert Birliyinin solisti olub.

21 iyun 1953 – Əməkdar incəsənət xadimi, sənətşünas Leyla Camal qızı Axundzadə (1953 – 10.2.2010) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində, Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri olub, Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri işləyib.

21 iyun 2022 – Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Aida Nemət qızı Hüseynova (1964-2022) vəfat edib.

 

22 iyun 1802 – Şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802 – 27.11.1870) anadan olub. Peterburq Universitetini bitirib, 1839-cu ildə “Türk-tatar dilinin qrammatikası” dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində açılan Şərqşünaslıq fakültəsinin dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

22 iyun 1897 – Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 – 26.9.1961) Şuşada anadan olub. Milan Konservatoriyasını bitirib. Xalq mahnıları və romansların, operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı olub. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.

22 iyun 1916 – Əməkdar artist, vokalçı Sona Əyyub qızı Mustafayeva (Bağırova; 1916-1999) Bakıda doğulub. Opera və Balet teatrının solisti olub.

22 iyun 1922 – Kinorejissor Rüfət İsmayıl oğlu Şabanov (1922-1998) Bakıda doğulub. “Gəmi saatının sirri”, “Liftçi qız” və s. filmləri çəkib,  “Azərbaycantelefilm”in baş rejissoru olub.

22 iyun 1923 – Əməkdar artist Rəhilə Məmməd qızı Məlikova (Mustafayeva; 1923 – 11.12.1996) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrının aktrisası olub, “Arşın mal alan” (1945) filmində Asya rolunu oynayıb.

22 iyun 1924 – Yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 1924 - 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Əsərləri: “Sıyrılmış qılınc”, “Bozatın belində”, “Şərq çiçəyi” və s.

22 iyun 1929 – Tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Fərhad Ramazan oğlu Zeynalov  (1929-1984) Ordubad şəhərində anadan olub.

22 iyun 1942 – Bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942-1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. “Xatırla məni”, “Deyin, hardadır?”, “Səni qəmli görəndə” və s. populyar mahnıların müəllifidir.

22 iyun 1947 – Şair Eldar Baxış (Eldar Baxış oğlu Ağayev; 1947 – 22.5.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində doğulub. “Uzun Həsən”, “Məlikməmməd” pyeslərinin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.

22 iyun 1955 – Tanınmış rəssam Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 1955 – 20.12.2020) Şabran rayonunun Təkyə kəndində anadan olub.

22 iyun 1994 – Xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 21.10.1932 – 1994) vəfat edib.

 

22 iyun 2010 – Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

23 iyun 1913 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 – 9.7.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (F.Şiller – “Məkr və məhəbbət”, A.P.Çexov – “Albalı bağı”, E.L.Voyniç – “Ovod”, A.Puşkin, M.Lermontov və b. şairlərin şeirləri) Azərbaycan dilinə çevirib.

23 iyun 1923 – Ədəbiyyatşünas, şair, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 – 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir. 

23 iyun 1925 – Xalq artisti, ilk azərbaycanlı qadın – teatr rejissoru Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (1925-2018) anadan olub. 30 ilə yaxın Dövlət Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Televiziya tamaşalarına quruluş verib. Bakı Musiqi Akademiyasının professoru olub.

23 iyun 2003 – Prezident Heydər Əliyev “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Çıraqqala” tarixi abidələr kompleksi tarixi qoruq elan edilib.

23 iyun 2018 – Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

21 iyun 1840 – Gürcü şairi, yazıçı, ictimai xadim Akaki Rostomoviç Sereteli (1840 - 8.2.1915) anadan olub.

21 iyun 1905 – Fransız yazıçı-dramaturqu, ekzistensialist filosof Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905-1980) anadan olub. 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, lakin mükafatdan imtina edib. Əsərləri: “Ürəkbulanma”, “Azadlıq yolları”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” və s.

21 iyun 1910 – Rus şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin” və s. poemaların müəllifidir.

21 iyun 1935 – Fransız yazıçısı Fransuaza Saqan (Françoise Sagan; 1935-2004) anadan olub. “Salam, kədər”, “Soyuq suda bir az günəş” və s. romanların müəllifidir.

 

22 iyun 1887 – İngilis filosofu, UNESCO-nun ilk baş direktoru Culian Haksli (Julian Sorell Huxley; 1887-1975) anadan olub.

22 iyun 1898 – Alman yazıçısı Erix Maria Remark (Erich Maria Remarque – Erich Paul Remark; 1898-1970) anadan olub. Romanları: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Zəfər tağı”, “Yaşamaq və ölmək zamanıdır” və s.

22 iyun 1906 – Amerika rejissoru, 4 dəfə “Oskar” mükafatı laureatı Billi Vaylder (Billy Wilder; 1906-2002) anadan olub.

 

23 iyun 1824 – Alman bəstəkarı, dirijor Karl Reyneke (Carl Reinecke; 1824-1910) anadan olub.

23 iyun 1889 – Rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 – 5.3.1966) anadan olub. Əsərləri: “Rekviyem”, “Qəhrəmansız poema”, “Ağ dəstə” və s.

23 iyun 1901 – Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901-1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.

23 iyun 1927 – Amerika xoreoqrafı, tanınmış kinorejissor Bob Foss (Bob Fosse; 1927-1987) anadan olub. Filmləri: “Kabare”. “Lenni”, “Bütün bu caz” və s.

Hazırladı: V.Orxan