Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk dövrlərdən Azərbaycan dilinin, ədəbiyyatının, mənəviyyatının keşiyində dayanıb. O, ədəbiyyatın klassik nümunələrinə yaxından bələd idi, ədəbiyyatı qəlbən sevirdi və ədəbiyyatın müasir yaradıcılarına səmimi münasibəti var idi.
Bu sözləri iyunun 16-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda elmi konfransında muzeyin baş direktoru akademik Rafael Hüseynov deyib.
Akademik qeyd edib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin, klassiklərinin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, ədəbiyyat xadimlərinin xatirəsinin əbədiləşdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub. Milli-mənəvi dəyərlərə yüksək qiymət verən Ulu öndər hələ keçmiş sovet dönəmində bütün imkanlarını sərf edərək mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına böyük dəstək verirdi. Böyük şəxsiyyət siyasətin incəliklərinə, elmin, ədəbiyyatın, incəsənətin ən müxtəlif sahələrinə elə həmin sahələrin təmsilçisi kimi dərindən bələd idi və bu, ona yeni güc verirdi.
Doğma dilimizin hərtərəfli inkişaf etdirilməsində Ümummilli liderin danılmaz xidmətlərinin olduğunu deyən Rafael Hüseynov diqqətə çatdırıb ki, Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi respublikanın Konstitusiyasında təsbit edilib.
Heydər Əliyevin dövlət xadimi kimi taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri və rolu çox geniş olub. Ötən əsrin 70-ci illərində Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması onun adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edildi və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olundu. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.
Ulu öndərin yaradıcılığını xüsusi qiymətləndirdiyi və xatirəsinin əbədiləşdirilməsi üçün qətiyyətli tədbirlər gördüyü Azərbaycanın görkəmli sənətkarlarından biri də böyük şair və dramaturq Hüseyn Caviddir. Heydər Əliyevin təşəbbüsü nəticəsində Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana – öz doğma Vətəninə gətirildiyini vurğulayan akademik bildirib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar məhz Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edib. Onun göstərişləri sayəsində Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev-muzeyləri yaradılıb, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldılıb.
Qeyd olunub ki, dahi lider müstəqil Azərbaycana rəhbərliyi dövründə “Kitabi-Dədə Qorqud”a da böyük dəyər verib, onun təbliğini diqqət mərkəzində saxlayıb. Heydər Əliyevin 1997-ci il aprelin 20-də imzaladığı sərəncam əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyi geniş şəkildə qeyd edilib. “Kitabi-Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş beynəlxalq tədbir və türkdilli dövlətlərin başçılarının ənənəvi zirvə görüşü eyni vaxtda – 2000-ci ilin aprelində təşkil olunub. 1998-ci ildə UNESCO-da beynəlxalq simpoziumun təşkili də eposun dünya miqyasında təbliği işinə böyük töhfə verib.
Konfrans işini bölmələr üzrə davam etdirib.
“Heydər Əliyev və klassik Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” abidəsinin öyrənilməsində yeni mərhələ”, “Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklüyünün rəmzi kimi istifadəsi” bölmələri üzrə məruzələr dinlənilib.