Mədəniyyət Nazirliyinin dəstəyi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə keçirilən “Kukla teatrları həftəsi” iyunun 17-də başa çatıb.
Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar təşkil edilən layihə çərçivəsində (13-17 iyun) Gəncə, Qax və Salyan kukla teatrları paytaxtda tamaşalar göstəriblər.
Sənət bayramının bağlanış mərasimində Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ideyanın reallaşmasına dəstək olan Mədəniyyət Nazirliyinə, iştirakçı teatrlara və tamaşaçılara təşəkkürünü bildirib.
O, yeni yaradıcılıq əlaqələrinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və bölgədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılığının diqqət mərkəzinə gətirilməsi məramlı bu ideyanın qarşıdakı illərdə ənənə halını alacağına inamını ifadə edib. Bildirib ki, növbəti mərhələdə layihənin beynəlxalq miqyasa çıxması üçün başqa ölkələrdən teatrlar da dəvət olunacaq.
Mərasimdə çıxış edən Salyan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, Qax Dövlət Kukla Teatrının baş rejissoru Əməkdar artist Yusif Abdurahmanov tədbirdə iştirakdan məmnunluqlarını ifadə ediblər, belə görüşlərin teatrların yaradıcılıq potensialının nümayişi və müqayisələr üçün önəm kəsb etdiyini bildiriblər.
Tədbir proqrama uyğun olaraq ev sahibinin – Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında “Qar kraliçası” tamaşası (rejissor Anar Məmmədov) nümayiş etdirilib. Ardınca teatrın nəzdindəki “Oyuq” teatr-studiyası təmsilçilərinin ifasında rəngarəng mahnılar səsləndirilib.