Olaylar, faktlar (21–24 iyun)

 

520 il əvvəl...

 

21 iyun 1503-cü ildə Şah İsmayılın başçılıq etdiyi Səfəvi qoşunları Almaqulağı (Həmədan yaxınlığında) döyüşündə Sultan Muradın başçılığı altında Ağqoyunlu ordusunu məğlub edib. 1500-cü ildə Ağqoyunlu dövləti ikiyə parçalandıqdan sonra onun bir qoluna Əlvənd Mirzə, ikinci qoluna Sultan Murad başçılıq edirdi. Səfəvi qoşunları 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzəni məğlub etmişdi. Ağqoyunlunun hər iki  qolunun məhv edilməsi ilə Səfəvi dövlətinin güclənməsi başlandı.

 

410 il əvvəl...

 

21 iyun 1613-cü ildə Rusiyada Romanovlar sülaləsinin hakimiyyəti başlayıb. 1606-cı ildə başlayan qarışıqlıq və ixtilafdan sonra boyarlar gənc Mixail Romanovu çar seçiblər. Kremldəki Uspenski kilsəsində yeni çarın tacqoyma mərasimi keçirildi. Boyarlar Romanovun hakimiyyətinin müvəqqəti olacağını və ölkəni istədikləri kimi idarə edəcəklərini düşünürdülər. Lakin Mixailin çarlığı 32 il sürdü, Romanovlar sülaləsi isə 3 əsr hakimiyyətdə qaldı.

 

105 il əvvəl...

 

24 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti dövlət rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli bayrağı 1918-ci ilin 9 noyabrında qəbul olundu.

 

103 il əvvəl...

 

23 iyun 1920-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbaycan Demokrat Firqəsi həmin ilin aprelində baş verən üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ almışdı. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

 

85 il əvvəl...

 

24 iyun 1938-ci ildə I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Deputatların 72-si qadınlar idi. Kommunist Partiyasının bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet qanunverici orqan olaraq formal fəaliyyət göstərirdi.

 

83 il əvvəl...

 

22 iyun 1940-cı ildə faşist Almaniyası ilə Fransa arasında Kompen sülhü imzalanıb. Baş nazir Anri Petenin imzaladığı təslimçi sazişə əsasən, Fransanın üçdə iki hissəsi (Paris də daxil olmaqla) Almaniya tərəfindən işğal olunub, Fransanın ordusu buraxılıb. Almaniyanın Fransa üzərində işğalı 1944-cü ilədək sürdü.

 

82 il əvvəl...

 

22 iyun 1941-ci ildə Almaniya qoşunları SSRİ üzərinə hücuma keçiblər, Böyük Vətən müharibəsi başlayıb. Hitlerin “Barbarossa” planına görə, müharibə 2-3 ay ərzində SSRİ-nin Uraladək ərazisinin (o cümlədən Bakının) tutulması ilə yekunlaşmalı idi. Amma müharibə 4 il sürdü və Berlində başa çatdı. Bu qələbə SSRİ-yə 30 milyona yaxın insanın itirilməsi hesabına başa gəldi.

 

36 il əvvəl...

 

21 iyun 1987-ci ildə SSRİ-də ilk dəfə yerli hakimiyyət orqanlarına (kənd, qəsəbə və şəhər xalq deputatları sovetləri) alternativ əsasda seçkilər keçirilib.

 

22 il əvvəl...

 

21 iyun 2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Hazırladı: V.Orxan