Gələn ilin aprelində İordaniyanın turizm təmsilçiləri Bakıya gələcək
   
   Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov noyabrın 20-də bu ölkənin turizm və tarixi abidələr, eyni zamanda, ekologiya naziri Nayef Fayiz ilə görüşüb.
   Görüşdə ikitərəfli əlaqələrin müsbət dinamikası məmnunluqla qeyd olunub, iki ölkə rəhbərlərinin xoş münasibətlərinin xalqlarımız arasında əməkdaşlığın gələcək inkişafına mühüm töhfələr verdiyi vurğulanıb.
   Səfir gələn ilin aprelində Bakıda keçiriləcək XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə qatılmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin dəvət məktubunu İordaniya nazirinə təqdim edib.
   Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in müddəalarının icrası məqsədilə nazir N.Fayizin Azərbaycana səfər heyətinin tərkibinə turizm sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxslərinin salınmasına dair razılıq əldə olunub. Səfər əsnasında Bakıda iki ölkənin turizm təmsilçilərinin iştirakı ilə dəyirmi masa keçiriləcək.