“Muğam aləmi” festivalı çərçivəsində rəngarəng konsertlər təqdim olunub
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə 18-25 iyun tarixlərində “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı keçirilir. Zəngin proqramı olan festival çərçivəsində iyunun 19-da Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı gerçəkləşdi.
Proqramda əfqan rübabı və hind sarodunun məşhur ifaçısı Daud Xan Sadozai öz ansamblı ilə çıxış etdi.
Əvvəlcə tamaşaçıları salamlayan ansamblın üzvü Mathieu Clavel “Muğam aləmi” festivalı çərçivəsində Bakıda konsert proqramında çıxış etməkdən şərəf duyduğunu dilə gətirdi: “Əfqanıstanın ənənəvi musiqisinin təqdimatı üçün belə gözəl şərait yaratdıqlarına görə festivalın bütün təşkilatçılarına öz təşəkkürümüzü bildiririk. Bizim hərəmiz bir ölkədən gəlsək də, musiqi dili bizi birləşdirir”.
Əfqanıstanlı Daud Xan Sadozai əfqan və Şimali Hindistan musiqi mədəniyyətinin tanınmış nümayəndəsidir. O, mütəmadi olaraq solo konsertlər verir, müxtəlif musiqiçilər (Jordi Savall, Farida Mahwash) və nüfuzlu ansambllarla səhnəyə çıxır. İfaçısı olduğu alətlərin klassik və ənənəvi folklor üslublarının gözəlliyini, klassik qəzəli böyük incəlik və ornamentlərlə nümayiş etdirməyə nail olur. D.Sadozai həmçinin Avropa ölkələrində ustad dərsləri və seminarlarda iştirak edir. İfaçı əfqan musiqisinin inkişafı, təbliği və qorunmasında xidmətlərinə görə “Ağa Xan” musiqi mükafatına layiq görülüb.
Konsert boyu təqdim olunan instrumental və muğam üslublu ifalar alqışlarla qarşılandı.
***
İyunun 19-da festival çərçivəsində Daş Salnamə Muzeyində muğam axşamı təşkil olunub. Musiqisevərlər muğam sənətinin təbliğində rolu olan tanınmış xanəndələrin təqdimatında muğam aləminə səyahət ediblər. Muğam axşamında Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Babək Niftəliyev, Sevinc Sarıyeva, eləcə də Aytən Məhərrəmova, Hüseyn Məlikov, Mirələm Mirələmov “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah”, “Humayun”, “Şüştər”, “Çahargah” muğamlarını ifa ediblər. Tamaşaçılar xanəndələrin ifasını öz alqışları ilə qiymətləndiriblər.
Daş Salnamə Muzeyində eyni zamanda muğam ifaçılarının fotolarından ibarət sərgi də təqdim edilib. Muğam ifaçılarını öz kamerasının lentinə köçürən özbəkistanlı fotoqraf Hüsniddin Ato sənətçilərə olan sevgisini onların fotoşəkillərini bir araya gətirməklə göstərib.
***
Həmin gün Azərbaycan Milli Konservatoriyasında da konsert proqramı təqdim olunub. İranlı Mahan Mirarab gitarada, həmyerlimiz Elçin Şirinov isə pianoda ifası ilə musiqisevərlərin könlünü oxşayıblar. Musiqiçilərin çıxışı alqışlarla qarşılanıb.
***
İyunun 20-də isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi və Ağcabədi şəhərində festivalın rəngarəng konsertləri təqdim olunub. Konsertlərdə həm yerli, həm də xaricdən dəvət olunmuş muğam ifaçılarının çıxışları dinlənilib.
Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konsertində isə hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim edib. Konsertdə Milli Konservatoriyanın tələbələri çıxış ediblər.
Lalə Azəri