22 ifaçıdan 10 nəfər ikinci tura vəsiqə qazanıb

 

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə beynəlxalq müsabiqə keçirilir. 19-20 iyun tarixlərində Azərbaycan Milli Konservatoriyasında müsabiqənin birinci turu olub.

Münsiflər heyətinin sədri Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi, üzvləri Böyük Britaniyadan tanınmış musiqi nəşri olan “Songlines” jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun “Sülh artisti” Nasir Şamma (Naseer Shamma), Özbəkistandan “Soqdiana” Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun rəhbəri Abdullah Akatdır.

Beynəlxalq müsabiqədə Azərbaycan, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə 10 ifaçı iştirak edir.

Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov aprel ayında keçirilən Milli Muğam Müsabiqəsinin qalibləridir. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə Milli Konservatoriyanın tələbəsidir.

Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı – Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı – Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər.

İyunun 20-də instrumental ifaçılıq üzrə daha 6 iştirakçı – Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Hasan Kiriş (Türkiyə), Farxodbek Madaminov, Toshtemur Shukrullayev (Özbəkistan), Ofir Viflich (İsrail), xanəndəlik kateqoriyası üzrə digər 5 ifaçı – Xəyal Hüseynov, Mirəli Sarızadə (Azərbaycan), Sohiba Abdullayeva, Alibek Saparboev (Özbəkistan), İsa Shokri Charandabi (İran) çıxış ediblər.

Sonra müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanmış ifaçıların adları açıqlanıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı – Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə 5 ifaçı – Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan), İsa Shokri Charandabi (İran) müsabiqənin ikinci turuna keçiblər.

Müsabiqənin ikinci turu iyunun 21-də keçiriləcək.

Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də Qran-pri üzrə mükafatlar təqdim ediləcək.