Azərbaycan

 

24 iyun 1944 – Əməkdar mədəniyyət işçisi, kino istehsalı təşkilatçısı Faiq Məmmədəli oğlu Əliyev (1944-2015) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, Dövlət Film Fondunda işləyib.

24 iyun 1939 – Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi (1939 – 31.8.1968) Təbrizdə anadan olub. “Ulduz və qarğalar”, “Balaca qara balıq” və s. kitabların müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edib.

24 iyun 1954 – Əməkdar mədəniyyət işçisi Vaqif Mahmud oğlu Bağırzadə (1954 – 7.3.2021) Bakıda anadan olub. 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru işləyib.

24 iyun 1955 – Tanınmış jurnalist Nəcəf Adil oğlu Nəcəfov (1955 – 17.12.1999) Bakıda doğulub. Ali Sovetin deputatı olub. Ölümündən sonra “Şöhrət” ordeni ilə (2005) təltif edilib.

24 iyun 1985 – Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (14.10.1916 – 1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında  çalışıb, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə çəkilib.

24 iyun 2008 – Parisdə, UNESCO-nun mənzil-qərargahında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının (müsəlman Şərqində ilk opera) 100 illiyi qeyd edilib.

 

25 iyun 1907 – Xalq artisti Sona Salman qızı Hacıyeva (1907 – 24.12.1979) Şəkidə doğulub. 1923-cü ildən Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə çəkilib.

25 iyun 1939 – Əməkdar mədəniyyət işçisi Adil Soltan oğlu İsmayılov (1939-2011) anadan olub. 1959-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, bir sıra filmlərin 2-ci rejissoru olub.

25 iyun 1940 – Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Azərbaycan Televiziyası və Radiosunun solisti olub.

25 iyun 1943 – Əməkdar mədəniyyət işçisi, aşıq Əlixan Abbasqulu oğlu Niftəliyev (1943 – 13.11.2022) Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.

25 iyun 1980 – Yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (22.12.1920 – 1980) vəfat edib. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.

 

26 iyun 1922 – Əməkdar memar Şəfiqə Mikayıl qızı Zeynalova (1922-1979) anadan olub.

26 iyun 1929 – Əməkdar elm xadimi, həkim-yazıçı Nurəddin Məmmədbağır oğlu Rzayev (1929 – 17.10.2011) Gədəbəy rayonunda doğulub. Türkologiya, tarix, ədəbiyyat və s. mövzularda elmi-publisistik məqalələrin müəllifidir.

26 iyun 1939 – Musiqişünas alim, fəlsəfə elmləri doktoru, professor Babək Osman oğlu Qurbanov (1939 – 28.3.2019) Qazax rayonunda anadan olub. Uzun illər Türkiyədə Qaziantep Universitetinin Dövlət Konservatoriyasında çalışıb.

26 iyun 1945 – Əməkdar incəsənət xadimi, kinooperator Valeri Sultan oğlu Kərimov (1945 – 9.3.1998) Bakıda doğulub. 1974-cü ildən “Azərbaycanfilm”də işləyib. Çəkdiyi filmlər: “Alma almaya bənzər”,  “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Sizi dünyalar qədər sevirdim” və s.

26 iyun 1946 – Əməkdar artist Əli Məmməd oğlu Salahlı (Salayev; 1946-2005) Masallı rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru olub.

 

27 iyun 1951 – Əməkdar incəsənət xadimi, aşıq Əsəd Əhməd (Məhəmməd) oğlu Rzayev (1874, Tovuz - 1951) vəfat edib.

27 iyun 2013 – Xalq artisti, görkəmli aktyor Siyavuş Məmmədağa oğlu Aslan (5.9.1935 – 2013) vəfat edib. Musiqili Komediya, Akademik Milli Dram teatrlarında çalışıb, kinoda maraqlı obrazlar qalereyası yaradıb.

 

28 iyun 1842 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842 – 28.11.1907) anadan olub. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi olub.

28 iyun 1914 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (1914 – 13.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrının aktrisası olub, bir müddət Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

28 iyun 1925 – Xalq artisti Gülağa Allahverdi oğlu Məmmədov (1925 – 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub.

28 iyun 1935 – Xalq artisti Ağakişi Şəmməd oğlu Kazımov (1935 – 8.10.2021) Ağcabədi rayonunda doğulub. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (H.Z.Tağıyev) çəkilib.

28 iyun 1971 – Məşhur opera müğənnisi Eldar Tofiq oğlu Əliyev (1971 – 4.8.2020) Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında və İtaliyada vokal təhsili alıb. 1994-cü ildən 2005-ci ilədək Milanda “La Skala” teatrının  solisti olub, Avropa teatrlarının səhnəsində çıxış edib.

 

29 iyun 1958 – Əməkdar artist Elçin Qəzənfər oğlu Həmidov (1958 – 4.3.2011) Bakıda doğulub. Musiqili Komediya Teatrının aktyoru olub.

 

Dünya

 

24 iyun 1912 – Rusiyanın Xalq artisti Sergey Filippov (1912-1990) anadan olub. Filmləri: “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. Azərbaycanda “Alma almaya bənzər” filmində çəkilib.

24 iyun 1930 – Fransız rejissoru, “yeni dalğa”nın tanınmış nümayəndəsi Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.

 

25 iyun 1709 – İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.

25 iyun 1903 – İngilis yazıçısı Corc Oruell (George Orwell – Eric Arthur Blair; 1903-1950) anadan olub. “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.

25 iyun 1963 – Yunan əsilli ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael – əsl adı Georgios Kyriakos Panayiotou; 1963-2016) anadan olub.

 

26 iyun 1763 – İngilis rəssamı Corc Morland (George Morland; 1763-1804) anadan olub.

26 iyun 1892 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1938) Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.

 

27 iyun 1941 – Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.

 

28 iyun 1577 – Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens; 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.

28 iyun 1712 – Fransız yazıçısı və mütəfəkkiri, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanları, fəlsəfi əsərlərin müəllifidir.

28 iyun 1867 – İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1934) Luici Pirandello (Luigi Pirandello; 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” (romanlar), “Liola” , “Hər kəs özünə görə”, “IV Henrix” (pyeslər).

28 iyun 2022 – Tanınmış türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur; 8.9.1937 – 2022) vəfat edib.

 

29 iyun 1900 – Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Balaca şahzadə”, “Qəsr” romanlarının müəllifidir.

Hazırladı: V.Orxan