Cümhuriyyət tariximizin şanlı səhifəsi Zəfər ruhu ilə daha da dəyər qazanıb...

 

Yüz il əvvəlin zəfər yolu bir gün Qarabağdan da keçəcək... Beş il öncə Cümhuriyyət tariximizin şanlı səhifələrindən birinin – Azərbaycan Milli Ordusunun yaranmasının 100-cü ildönümünə həsr edilən yazımın sərlövhəsi belə idi. Etiraf edək ki, o zaman o “bir gün”ün iki il sonra yetişəcəyini kimsə desə, inanmazdıq. Amma o günün gələcəyinə ümidimiz heç vaxt itməmişdi, Qarabağ Zəfərinin nə zamansa gerçək olacağına inanırdıq...

Budur, artıq üçüncü ildir 26 İyun – tariximizin yüz ilin o tayında qalan səhifəsi, sadəcə, əlamətdar təqvim günü olmaqdan çıxıb və onu canı-könüldən, gerçək bir Zəfər ruhu ilə qarşılayırıq...

***

Hərçənd bu günün tarixindən də, tariximizin 1918-ci ilin 26 iyunu ilə başlayan, amma qısa sürən rəşadətli səhifəsindən də uzun illər xəbərsiz olmuşduq. Cümhuriyyət dövrünün əksər səhifələri kimi... Yalnız 1998-ci ildə bu gün təqvimdə haqq etdiyi yeri aldı. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi...

Milli Ordu yeni qurulan milli dövlətin özünütəsdiq üçün ən başlıca şərt idi. Məhz güclü, nizami ordu 1918-ci ilin 28 mayında bəyan edilən istiqlalın bütün ölkə ərazisində qələbəsini təmin edə bilərdi. Bu yolda Azərbaycana ən böyük dəstəyi isə qardaş Türkiyə (o vaxt Osmanlı dövləti) verdi.

1918-ci il iyunun əvvəlində S.Şaumyanın başçılıq etdiyi “Bakı Komissarları Soveti” əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə Cümhuriyyətə qarşı savaşa başlamışdı. Birinci məqsəd Milli Hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Lakin buna nail olmadılar. Osmanlının beşinci diviziyası (Qafqaz diviziyası) Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçərək Gəncəyə gəlib çıxdı və şəhərdə əmin-arxayınlığı təmin etdi.

İyunun 16-da Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət kabineti Tiflisdən Gəncəyə köçdü. İyunun 26-da Nazirlər Şurası ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etdi. Keçmiş çar ordusunda general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman korpusu əsasında Milli Ordunun təməli qoyuldu.

***

Azərbaycan milli korpusunun və Osmanlının beşinci diviziyasının birləşmiş qüvvələri (Qafqaz İslam Ordusu) Nuru paşanın komandanlığı altında Gəncədən Bakıya zəfər yürüşünə başladı. Orduya türklərdən və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi. İki həftə davam edən döyüşlərdə Göyçay və Şamaxı ətrafında “Bakı Soveti” qoşunlarına ağır zərbə vuruldu. İyulun sonunda Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti” istefa verməyə məcbur oldu, avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi diktaturası” adlanan yeni mürtəce bir qurum yaradıldı.

Avqustun 11-də Gəncədəki Milli Hökumət ümumi hərbi səfərbərlik elan etdi və 1894-1899-cu il təvəllüdlü bütün vətəndaşlar hərbi xidmətə çağırıldı.

Sentyabrın 15-də Bakıya həlledici hücum başlandı, şəhər azad edildi. Bu döyüşlərdə Azərbaycan və Osmanlı qoşunları ümumilikdə 4 mindən çox şəhid (o cümlədən türk hərbçilər 1130 nəfər) vermişdi.

Lakin türk əsgəri tezliklə Azərbaycanı tərk etməyə məcbur oldu. 1918-ci il oktyabrın 30-da imzalanan Mudros müqaviləsinin tələbinə görə, I Dünya müharibəsində məğlub sayılan Osmanlının qoşun qüvvələri Bakıdan çıxmalı, şəhərə qalib Antantanı təmsil edən ingilis qoşunları daxil olmalı idi. Milli Hökumətin bu qərarı qəbul etməkdən başqa çarəsi yox idi. Noyabrın 17-də general Tomsonun hərbi dəstələri Bakıya girdi. Bu arada Cümhuriyyətin Hərbi Nazirliyi fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş Qərargah rəisi təyin edildilər.

***

1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ oldu. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. 1919-cu ilin yayında isə, yenə I Dünya müharibəsinin nəticələrinə əsasən, ingilislər Bakını tərk etməli oldular. Şəhərin idarəçiliyi Azərbaycan hökumətinə təhvil verildi. Cümhuriyyətin ordu quruculuğunda təcrübəli general və zabitlər – İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin də böyük əməyi olmuşdu.

Lakin 1919-cu ilin sonundan Azərbaycana şimaldan hərbi təhdidlər artmağa başlamışdı. “Vahid Rusiya”nı bərpa etmək iddiasında olan general Denikinin qoşunları Cənubi Qafqaza yaxınlaşırdı. Denikinlə müharibə aparan rus bolşeviklərinin də gözü Azərbaycanda idi. Bu arada Ermənistanın daşnak hökuməti Moskvada gizli danışıqlar apararaq Azərbaycandan qoparılacaq ərazi güzəştləri müqabilində Cümhuriyyət hökumətini devirməyə yardımçı olacağını bolşeviklərə vəd edirdi.

1920-ci ilin əvvəlindən Azərbaycan Ordusunun, demək olar ki, bütün qüvvələri Qarabağ, Zəngəzur və Gəncə istiqamətində ermənilərlə savaşda idi, ölkənin şimal sərhədləri isə müdafiəsiz qalmışdı. Bakıda isə hökumət daxilində və parlamentdə böhran dərinləşirdi. 1920-ci ilin aprelində bolşevik Rusiyasının XI ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı və A.Mikoyan başda olmaqla Bakı bolşevikləri “Azərbaycan xalqı adından” bu ordunu Bakıya çağırdılar. Aprelin 27-də Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını parlament binasına tuşlamışdı, Bakıda Milli Hökumət süqut etdi.

Gəncəbasarda və Qarabağda Cümhuriyyətin ordu hissələri ilə rus qoşunları arasında toqquşmalar iyunun ortasınadək sürdü. Amma qüvvələr bərabər deyildi. Bolşevik hökuməti 1920-ci il mayın 7-də Azərbaycanda ordu və donanmanın yenidən təşkil edilməsi barədə dekret verdi. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı... 

***

Sovet dövlətinin, bütün sahələrində olduğu kimi, ordu quruculuğu da məlum siyasi-ideoloji prinsiplərə köklənmişdi. Moskva milli respublikalarda, ələlxüsus müsəlman respublikalarında milli hərbi kadrların hazırlanması yönündə cəhdləri qısqanclıqla qarşılayır və dəf edirdi. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.

“Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?” – Ulu öndər Heydər Əliyev bu sözləri 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi. O hərbi məktəb ki, sovet dövründə Azərbaycan milli hərbi kadrların hazırlanması istiqamətində mühüm rol oynayıb.

Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün, həqiqətən, böyük siyasət və uzaqgörənlik lazım idi.

***

Üstündən 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas peşəkar kadr bazasına çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olanlar artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin zabitləri, generalları idi. 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələr kimi, ordu quruculuğu böhran və çətinliklərdən keçdi. Təkcə bir faktı deyək ki, 1991-1993-cü illərdə Azərbaycanda Müdafiə Nazirliyinin rəhbərliyi 6 dəfə dəyişdirilmişdi. Dövrün məlum siyasi prosesləri, hakimiyyət böhranı, Qarabağda yaşanan ağır itkilər Silahlı Qüvvələri də iflas həddinə gətirmişdi. Dövlətin və onun ordusunun güclü liderə, komandana ehtiyacı vardı.

Məhz Heydər Əliyev 1993-cü ilin iyununda Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu başlandı. Lakin bu prosesə fundamental şəkildə başlamaq üçün ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ordu quruculuğunun şah damarı olan iqtisadiyyatın bərpası zəruri idi.

Bütün bunları nəzərə alaraq Heydər Əliyev 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsə nail oldu. Çünki o, Azərbaycan əsgərinin gerçək durumundan xəbərdar olduğu kimi, müzəffər ordu quruculuğu üçün nə etmək lazım olduğunu gözəl bilirdi. Sonrakı illərdə Azərbaycanda Silahlı Qüvvələrin ən müasir səviyyədə, o cümlədən qardaş Türkiyənin hərbi təlim və kadr hazırlığında köməyi sayəsində yenidən qurulması, ordu hissələrinin maddi-texniki təchizatının təkmilləşdirilməsi, hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan ardıcıl addımlar bunu bir daha təsdiqlədi.

***

“Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçib. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz ölkəmizi gücləndiririk. Hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır” – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir neçə il əvvəl söylədiyi bu sözlər dövlətin ordu quruculuğuna nə dərəcədə müstəsna önəm verdiyini göstərirdi.

Çünki müharibə hələ bitməmişdi, sadəcə, atəşi kəsilmişdi...

2008-ci ilin 26 iyununda, Azərbaycan Silahlı Qüvvələrinin Birinci Qarabağ müharibəsindən sonra, atəşkəs dövründə keçirilən ilk paradında Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Ordunun güclənməsi üçün nə lazımdırsa, biz bundan sonra da edəcəyik. Çünki Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə biz güclü ordu yaradırıq. Əlbəttə, biz sülh danışıqlarını davam etdirəcəyik. Ancaq, eyni zamanda, güclü ordunun yaranması həm də bizə imkan verir ki, biz istənilən yolla ədaləti bərpa edək və öz doğma torpaqlarımızı işğalçılardan azad edək...”.

O vaxt Qarabağ müharibəsində atəşkəsin 14 ili arxada qalmış, amma sülh danışıqları heç bir nəticəyə gətirməmişdi. İrəlidə hələ neçə belə illər vardı. Eyni zamanda, bir gerçək o vaxt da bəlli idi: savaş diplomatiyası o vaxt təsirli olur ki, onun arxasında düşmənin hesablaşdığı güc dayanmış olsun.

Sonra 2016-cı ilin apreli gəldi. Dördgünlük döyüşlərdə düşmən bu gücü ilk dəfə gördü.

***

“Bu gün Azərbaycan Ordusunun istər texnika və bacarıqlı hərbi kadrlar baxımdan təchizatı ilə, istərsə də ölkəmizin iqtisadi potensialının bu istiqamətdə açdığı imkanlarla, həqiqətən, öyünməyə dəyər. Bu reallıqla işğalçı dövlət də əvvəl-axır hesablaşmağa məcbur olacaq. Necə ki, 2016-cı ilin aprelində bu gücün qarşısında geri durmağa məcbur oldu. Təkrarı da olacaq. Babaların yüz il öncə Gəncədən Bakıya istiqlalı gətirən zəfər yolu nəvələrin sayəsində bir gün Qarabağdan da keçməlidir...” – bunu da beş il əvvəl, 2018-ci ilin iyununda yazmışdıq.

2020-ci ilin 27 sentyabrında o gün gəldi. Artıq təqvimimizə əbədi və dərin anlamı ilə – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günü kimi yazılan bu tarix milli yaddaşda bir həqiqət anı, qırılma nöqtəsi idi. Bundan sonra geri dönüş olmazdı.

Ali Baş Komandan İlham Əliyev: “Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli”.

27 sentyabrda Vətən müharibəsinin başladığını xalqa çatdıran Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ məsələsi milli məsələ, bu məsələnin həllinin bizim tarixi vəzifəmiz olduğunu  bəyan etdi: “Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun... Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir...”.

44 gün sonra tarixi Zəfər günü də yetişdi... 

“Bu Zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. 30 ilə yaxın müddət ərzində əmri gözləyirdi, Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Və həyat bunu göstərdi ki, vaxtlı-vaxtında atılmış addımlar, bütün gücümüzü səfərbər edib bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi...” – Ali Baş Komandan 10 dekabr 2020-ci ildə Zəfər paradında bu sözlərlə xalqa xitab etdi.

Yuxarıda haqqında bəhs etdiyimiz 2008-ci ilin paradından sonra Azadlıq meydanında bir neçə dəfə parad olmuşdu... Amma bu, bir başqa parad idi – Zəfər paradı...

Ali Baş Komandan İlham Əliyev: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır...”.

Ordum varsa – yurdum var. Bir az patetik, şairanə səslənən bu məlum ifadə, əslində, böyük bir gerçəyin təsdiqidir. Xalqımız Ordusu ilə hər zaman qürur duysun...

Vüqar Orxan