Beynəlxalq elmi konfrans maraqlı müzakirələrlə yadda qaldı
   
   Noyabrın 16-da Azərbaycan Turizm İnstitutunun (ATİ) təşkilatçılığı ilə Bakı Turizm Peşə Məktəbində «Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər» mövzusunda I beynəlxalq elmi konfrans keçirildi.
   
   Hökumət nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçilərinin, elm adamlarının, turizm üzrə mütəxəssislərin iştirak etdiyi tədbiri ATİ-nin rektoru, professor Cəfər Cəfərov açaraq, rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti və konfransın mahiyyəti barədə iştirakçılara məlumat verdi. Qeyd olundu ki, institutda keyfiyyətli kadr hazırlığı ilə yanaşı, təhsil və elmin nəzəri-təcrübi vəhdətinə də xüsusi əhəmiyyət verilir, bu məqsədlə vaxtaşırı konfrans, görüş və seminarlar təşkil edilir. Turizm və rekreasiya mövzusunda beynəlxalq elmi konfrans da bu qəbildəndir.
   C.Cəfərovun sözlərinə görə, Azərbaycanın inkişaf edən turizm sənayesində ATİ-nin məzunları artıq öz layiqli yerlərini tutublar: “İndiyədək institutu bitirən 498 məzunumuzdan 57 nəfəri ikili diplom proqramının məzunudur. Onlar eyni zamanda Avstriyanın Krems Universitetinin diplomunu alıblar”.
   
   Ölkənin şimal bölgəsində turizm fəaliyyəti ilə bağlı Baş Plan hazırlanacaq
   
   Konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirdi ki, son illərdə turizm sahəsində keçirilən islahatlar və bu sektora dövlət qayğısı nəticəsində müsbət dinamika müşahidə olunur. Son beş ildə Azərbaycana səfər edən turistlərin və daxili turizmdən istifadə edən ölkə vətəndaşlarının sayının bir neçə dəfə artması isə turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən biri kimi böyük potensiala malik olduğunu göstərir.
   Konfransın mövzusunun aktuallığını qeyd edən nazir müavini 2008-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə «Turizm və rekreasiya zonaları haqqında nümunəvi əsasnamə»nin təsdiq edildiyini xatırlatdı. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda da bu məsələyə xüsusi yer ayrıldığını vurğuladı: “Bu sənədlərin icrasını təmin etmək məqsədilə ilkin olaraq Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları üzrə ərazilərin turizm və rekreasiya zonaları elan olunması üçün işlər görülüb. Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edildikdən sonra bu rayonlarda müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair zonaların Baş Planı hazırlanacaq. Artıq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ilk növbədə Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonlarının Xəzərsahili ərazilərinin, Quba və Qusar rayonlarında turizm və rekreasiya zonalarının xəritəsi hazırlanıb. Bu zonaların yaradılmasında əsas məqsəd ölkəmizin şimal bölgəsi üzrə turizm ərazilərinin idarə olunmasının təkmilləşdirilməsi, keyfiyyətli turizm xidmətlərinin göstərilməsi, nəzarət mexanizminin gücləndirilməsi, müasir standartlara cavab verən, müxtəlif çeşidli və yüksək keyfiyyətli xidmət göstərəcək kompleks xidmət infrastrukturunun yaradılmasıdır”.
   N.Səmədov bildirdi ki, Azərbaycana xarici turistlərin cəlb edilməsi iqtisadi inkişafa və ölkəmizin turizm məkanı kimi daha çox tanınmasına müsbət təsir edir: «Əgər 2003-cü ildə turizm sahəsində çalışan işçilərin sayı 2678 nəfər idisə, 2011-ci ildə bu rəqəm 7739 nəfər olub. 2003-cü ildə ölkəyə 1 milyon 13 min 811 nəfər əcnəbi gəlmişdisə, 2011-ci ildə bu göstərici 2 milyon 239 min 141 nəfər olub. Bu irəliləyiş ilk növbədə turizm sahəsində dövlət siyasətinin, dövlət proqramlarının uğurlu icrasının nəticəsidir”.
   Azərbaycan üçün turizm və rekreasiya mövzusunun aktuallığını bir daha diqqətə çatdıran nazir müavini konfransın bu sahədə təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğuladı.
   
   Konfransda 50-yə yaxın məruzə dinlənilib
   
   Konfransın yekunu ilə bağlı qəzetimizə məlumat verən ATİ-nin Turizmin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, tədbirə 50 məruzə təqdim olunub. Burada Türkiyə, Rusiya, Avstriya, Polşa, Ukrayna, Bolqarıstan, Gürcüstan, Özbəkistan - ümumilikdə 14 ölkənin alim və mütəxəssislərinin məruzə və təklifləri dinlənilib.
   Konfransda «Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti. Turizmin forma və növləri», «Turizm bazarı: müasir vəziyyət, problemlər və inkişaf perspektivləri. Turizmdə marketinq strategiyaları», «Turizm biznesinin təşkili və idarə edilməsi. Turizm üçün kadr hazırlığı. Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi» bölmələrində müzakirələr aparılıb.
   Plenar iclas və bölmələrdə Türkiyənin Boğaziçi Universitetindən professor Bülənt Himmətoğlu, İşil Keskin, Şimali Kipr Beynəlxalq Universitetindən dosent Ali Öztüren, Avstriyanın Vyana Universitetindən Mark Herz, Rusiya Dövlət Turizm və Servis Universitetindən dosent O.Zuyeva, Gürcüstan Universitetindən professor M.Metreveli, Qazaxıstan Turizm Assosiasiyası, Qazaxıstan Mehmanxanalar və Restoranlar Assosiasiyasının nümayəndəsi Ş.Adilbəyova və başqaları məruzələrlə çıxış ediblər. Məruzələr 4 dildə (Azərbaycan, türk, rus və ingilis) təqdim olunub.
   Noyabrın 17-də qonaqlar üçün Bakıətrafı yerlərə turlar təşkil edilib. 
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar