Olaylar, faktlar (25–29 iyun)

 

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

 

105 il əvvəl...

 

27 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.

 

104 il əvvəl...

 

28 iyun 1919-cu ildə I Dünya müharibəsinə (1914-1918) rəsmən son qoyan Versal (Fransa) sülhü imzalanıb. Bu, əslində, Almaniyanın kapitulyasiyasına dair saziş idi. Almaniya Elzas-Lotaringiyanı Fransaya (almanlar onu 1870-ci ildə ələ keçirmişdi), Eypen-Malmedi bölgəsini Belçikaya, Poznanı və Qərbi Prussiyanın bir hissəsini Polşaya qaytardı. Bundan əlavə, Dansiq (Qdansk) və Memel (Klaypeda) şəhərlərinə müstəqil idarəçilik verməli oldu (sonradan biri Polşaya, digəri Litvaya birləşdirildi). Şlezviq və Sileziyanın bir hissəsi Danimarka və Çexoslovakiyaya keçdi. Bütövlükdə Almaniya 1914-cü ilədək olan ərazisinin 13 faizini itirdi. Tarixçilərə görə, Versal sülhü Almaniyada revanşizm və faşizmi meydana gətirdi.

 

89 il əvvəl...

 

29 iyun 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Krım tatarı A.Refatov Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, dərs demiş, 1931-ci ildə prorektor təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik etdi, 1937-ci ildə repressiya olundu.

 

73 il əvvəl...

 

25 iyun 1950-ci ildə Koreya müharibəsi başlayıb. Şimali Koreyanın (KXDR) qoşunları demarkasiya xəttini keçərək Cənubi Koreya (Koreya Respublikası) ərazisinə daxil olublar. 1948-1949-cu ildə Şimali və Cənubi Koreya ərazisindən SSRİ və ABŞ-ın qoşunları çıxandan sonra iki ölkə arasında 38-ci paralel üzrə demarkasiya xətti çəkilmiş, Pxenyan Moskvanın, Seul isə Vaşinqtonun təsiri altında qalmışdı. Üç il sürən müharibə sərhədin 38-ci paralel üzrə bərpası ilə yekunlaşdı.

 

48 il əvvəl...

 

25 iyun 1975-ci ildə Portuqaliyanın müstəmləkəsi olan Mozambik müstəqilliyini elan edib. Afrikanın cənub-şərqində ən böyük dövlət (ərazisi 802 min kv km) olan Mozambik “qara qitə”də müstəmləkəçiliyin son dayaqlarından idi.

 

31 il əvvəl...

 

25 iyun 1992-ci ildə İstanbulda Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Yeni regional təşkilatın yaradılması barədə “İstanbul bəyannaməsi”ni 9 ölkə (Türkiyə, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan) imzalayıb. 1995-ci ildə Yunanıstan, 1997-ci ildə Bolqarıstan, 2004-cü ildə Serbiya təşkilata üzv oldu.

 

16 il əvvəl...

 

29 iyun 2007-ci ildə UNESCO-nun Dünya İrs Komitəsinin Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən 31-ci sessiyasında Qobustan Tarix-Bədii Qoruğu təşkilatın Dünya İrsi Siyahısına daxil edilib.

Hazırladı: V.Orxan