Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1993-cü il 1 oktyabr
Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri ilə görüş keçirib. Görüşdə vurğulanıb ki, ölkəmizdə müxtəlif milli icmaların, azsaylı xalqların mehribanlıq şəraitində yaşaması Azərbaycanın milli-mədəni zənginliyinin göstəricisidir.
1993-cü il 3 oktyabr
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Səsvermənin nəticələrinə əsasən, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
1993-cü il 6 oktyabr
Heydər Əliyev Xalq şairi Məmməd Arazı anadan olmasının 60 illiyi münasibətilə təbrik edib. “Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şeiriniz milyonların qəlbinə yol taparaq özünə və Sizə əbədi yaşamaq hüququ qazandırıb. Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda bundan belə də yorulmadan çalışacaq, qədim və zəngin ənənələri olan milli poeziyamıza yeni töhfələr bəxş edəcəksiniz”, – deyə təbrik məktubunda vurğulanırdı.
1993-cü il 10 oktyabr
Heydər Əliyevin Azərbaycan Respublikası Prezidenti kimi andiçmə mərasimi keçirilib.
1993-cü il 26 oktyabr
Prezident Heydər Əliyev Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi münasibətilə Bakıda keçirilən elmi-praktik konfransın iştirakçılarına məktub göndərib.
“Soykökümüzün, adət və ənənələrimizin, bir çox müqəddəs mənəvi sərvətlərimizin ayrılmaz tellərlə bir-birinə bağlı olduğu türk xalqının bu böyük bayramı eyni zamanda Azərbaycan üçün də əziz gündür... Atatürkün məşhur “Yurdda sülh, cahanda sülh” ideyasından doğan işığa doğru irəliləyən müasir Türkiyə dövlətinin yeritdiyi daxili və xarici siyasətin, sosial-iqtisadi və mədəni tərəqqi təcrübəsinin elmi-nəzəri tədqiqat obyektinə çevrilməsi, öyrənilməsi böyük əhəmiyyət kəsb edir”, – deyə məktubda bildirilirdi.
1993-cü il 2 noyabr
Prezident Heydər Əliyev cəbhə bölgəsində yaranmış ağır vəziyyət, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə yeni hücumları ilə əlaqədar televiziya və radio vasitəsilə xalqa müraciət edib. İyul ayından başlayaraq Ağdam rayonunun böyük hissəsi, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olunmuşdu. Heydər Əliyev Azərbaycan cəmiyyətini, bütün xalqı təcavüzkarla mübarizədə səfərbər olmağa çağırıb.
“Mən bəzi acı həqiqətləri sizə çatdıraraq, eyni zamanda bildirmək istəyirəm ki, doğrudan da, Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür. Bu sahədə ziyalılarımız daha fəal çalışmalıdırlar. Onlar sərhəd bölgələrində, qaçqınların arasında, ordu hissələrində olmalıdırlar...
...Əlli il bundan əvvəlki müharibə (1941-1945-ci illər müharibəsi – red.) zamanı bizim ziyalılarımız – yazıçılar, mədəniyyət xadimləri, alimlər bu məsələlərdə çox fəal iştirak edirdilər. İndi də ziyalılarımızı dəvət edirəm, çox xahiş edirəm ki, bu işə qoşulsunlar. Azərbaycan xalqının zəngin milli ənənələri var. Torpaqlarımızın etibarlı müdafiəsi üçün bu ənənələrdən istifadə olunmalıdır...
Bir sözlə, vəziyyət ağırdır, gərgindir. Ancaq bu o demək deyil ki, biz vəziyyəti çıxılmaz hesab edirik. Xeyr. Yenə də deyirəm, bu gün Azərbaycanın böyük gücü, potensialı, xalqımızın zəngin qəhrəmanlıq ənənələri – bunların hamısı birləşdirilməlidir...”.
Qeyd edək ki, Heydər Əliyevin bu müraciətindən sonra minlərlə gənc könüllü cəbhəyə yola düşdü.
1993-cü il 15 dekabr
Prezident Heydər Əliyev Xalq rəssamı Tahir Salahovu anadan olmasının 65 illiyi münasibətilə təbrik edib. “Əmin olduğumu bildirmək istəyirəm ki, Siz bundan sonra da xalqımızın mədəniyyətinin dünya miqyasında təbliğ edilməsi, onun mənəviyyatının, bədii-estetik zövqünün zənginləşdirilməsi, gənc rəssamlarımızın böyük sənətə cəlb olunması naminə səylərinizi əsirgəməyərək, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinə yeni töhfələr verəcəksiniz”, – deyə təbrik məktubunda vurğulanırdı.
1993-cü il 17 dekabr
Prezident Heydər Əliyevin imzaladığı fərmanla Xalq şairi Nəbi Хəzri Azərbaycan ədəbiyyatının inkişafında böyük хidmətlərinə görə “Şöhrət” ordеni ilə təltif olunub.
1993-cü il 18 dekabr
Heydər Əliyev Xalq yazıçısı Mirzə İbrahimovun dəfn mərasimində iştirak edib.
1993-cü il 20 dekabr
Prezident Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Ziya Bünyadovu 70 illik yubileyi münasibətilə təbrik edib.
“Siz uzun illər boyu tarix elmimizin inkişafı yolunda gərgin axtarışlar aparmağı ömrünüzün mənasına çevirmisiniz. Orta əsrlər Azərbaycanının açılmamış səhifələrinin araşdırılmasına, öyrənilməsinə həsr edilən onlarca kitabınızla, yüzlərcə məqalənizlə şərqşünaslıq və tarix elmimizə beynəlxalq nüfuz qazandırmağa çalışmısınız... İndi də elmi fəaliyyətinizi davam etdirərək xalqımızın tarixi sınağa çəkildiyi bir zamanda əlinizdən gələni əsirgəmirsiniz. Ümidvaram ki, müstəqil Azərbaycanımız naminə bundan sonra da yorulmadan çalışacaqsınız”, – deyə təbrik məktubunda qeyd olunurdu.
Hazırladı: V.Orxan