Musiqi festivalında “Muraaqam” layihəsi təqdim edilib
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunub.
“Muraaqam” adlı konsertdə Xalq artisti, xanəndə Səkinə İsmayılova və Hindistandan klassik musiqi ifaçısı Vasumathi Badrinathan, violin ifaçısı Jyotsna Srikanth çıxış ediblər.
Konsertdən əvvəl mediaya müsahibə verən Xalq artisti Səkinə İsmayılova bu layihənin bir neçə il öncə ərsəyə gəldiyini diqqətə çatdırıb: “Biz bu layihə ilə Hindistanın bir neçə şəhərində birgə çıxış etmişik. Bu gün isə öz ölkəmizdə tamaşaçılar qarşısına birgə çıxırıq. Burada Hindistan musiqiçiləri ilə bizim “Rast” muğamı üzərində qurulan bir kompozisiya təqdim edirik. Onlar raqa, biz isə muğam ifa edəcəyik. Ümumilikdə bu, ənənəvi musiqi sintezi olacaq. Burada mənimlə birgə çıxış edən solist Vasumathi Badrinathan xüsusi həssaslığı ilə seçilən çoxistiqamətli ifaçıdır. Cənubi Hindistan klassik musiqi ifaçısı Vasumathi öz oxuma üslubunda ənənə və müasirliyin gözəl vəhdətini yaradır. O, Avropa və Asiya, Sakit Okean hövzəsi ölkələrində qastrol səfərlərində çoxsaylı konsertlər verib”.
Xatırladaq ki, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festival iyunun 25-dək davam edəcək.
Azərbaycan muğam musiqisi ilə klassik hind musiqisi – raqanın (raqa – sanskrit dilində rəng, çalar mənası verir) sintezi böyük maraqla qarşılanıb.