Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrının kollektivi iyunun 21-də Şabran və Quba rayonlarına səfər edib.
Teatr hər iki rayonun mədəniyyət mərkəzlərində repertuarındakı baxımlı səhnə nümunələrindən olan “Gözəl və Bədheybət” tamaşasını təqdim edib. Madam Leprens De Bomonun məşhur əsəri əsasında hazırlanan eyniadlı səhnə işinin quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur. Rolları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Rəhim Rəhimov, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov və Könül Nəsibova ifa edirlər.
Birhissəli uşaq tamaşasında fərqli texnikalarda hazırlanmış kuklalardan, eləcə də canlı planda kukla oyunu sintezindən istifadə olunur. Musiqi və xoreoqrafik elementlərlə zəngin səhnə əsərində bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri aşması nümayiş etdirilir. Bu nümunə vasitəsilə uşaqlara zahiri gözəlliklə yanaşı, səbir və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir.
Hər iki rayonda reallaşan nümayiş yerli sənətsevərlər, xüsusən də balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Quba sakinləri uşaqlarda teatra maraq yaratmaq üçün belə nümayişlərin mütəmadi olmasını arzu ediblər.
Diqqət və marağa görə təşəkkür edən Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə müxtəlif layihələr, sosial-mədəni aksiyalar çərçivəsində bölgələrdə mütəmadi olduqlarını, yeni mövsümdən həyata keçiriləcək ölkədaxili qastrollar siyahısına Qubanın da daxil ediləcəyini deyib.