“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı rəngarəng konsertlərlə davam edir.
18-25 iyun tarixlərində gerçəkləşən festivalın konsertləri paytaxtın bir neçə məkanında, eləcə də Ağcabədi və Şuşada keçirilir.
İyunun 20-də Beynəlxalq Muğam Mərkəzində Malidən olan tanınmış ifaçı Kankou Kouyatenin konserti təqdim edilib. Onu sənət dostları Sefoudi Kouyate, Assaba Drame (hər ikisi milli alətlərində), Vale Akindiya (kontrabas) və Vura Samba (zərb alətləri) müşayiət ediblər. K.Kouyatenin akustik folklor və hipnotik bluzdan tutmuş roka qədər ifa etdiyi mahnılar populyarlıq qazanıb.
Həmin gün daha bir konsert Azərbaycan Milli Konservatoriyasında təqdim olunub. Konsertdə bəstəkar, pianoçu, beynəlxalq müsabiqələr laureatı, Fransada yaşayan soydaşımız Etibar Əsədli Samuel FHima (kontrabas) və Laurent Emmanuel Bertholo (zərb alətləri) ilə birgə səhnəni bölüşüb.
İyunun 20-də festivalın daha bir konserti Ağcabədi şəhərindəki Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində reallaşıb. Konsertdə “Muğam” televiziya müsabiqəsinin müxtəlif illərdə qalibi olmuş xanəndələr – Əməkdar artistlər İlkin Əhmədov, Səbuhi İbayev, xanəndələr Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Nisbət Sədrayeva, Babək Şuşalı və Vəfa Orucova çıxış ediblər.
Muğam və təsniflərin məharətlə ifa olunduğu musiqi axşamı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
***
Festivalın iyunun 21-də təşkil edilən konsertləri də yaddaqalan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Cadenza” orkestri Beynəlxalq Muğam Mərkəzində çıxış etdi. Konsert çağdaş Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulmuşdu. Musiqi axşamında Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə solistlər Samir Əsədov (violin), İlkin Həsənov (saz), Natəvan Həsənova (qanq), İsmayıl Zülfüqarov (tar), Afaq Qarayeva (piano), Ərol Rzayev (violonçel) və Xəyyam Quliyev (ud) Cavanşir Quliyev, Aydın Əzimov, Elvin Mirzəyev, Firudin Allahverdi, Tahir İbişov və Türkər Qasımzadənin əsərlərini səsləndirdilər. “Cadenza”nın bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılara unudulmaz anlar bəxş elədi.
***
Həmin gün Daş Salnamə Muzeyində Özbəkistan və Tacikistandan olan ifaçılar musiqisevərlərin qarşısına çıxdılar. Özbəkistanın Əməkdar artisti İlyas Arabov (vokal və dütar) özbək milli muğamını böyük sevgi və şövqlə nümayiş etdirdi. Səmərqənd şəhərində ənənəvi keçirilən “Şərq təranələri” festivalında UNESCO-nun xüsusi mükafatına layiq görülən ifaçı konsert zamanı Azərbaycan muğamına sevgisindən də söz açdı.
Tacikistanlı xanəndə Sardor Soliyevin adı azərbaycanlı muğamsevərlərə yaxşı tanışdır. Tacik Dövlət Ansamblının solisti olan ifaçı “Muğam aləmi” V Beynəlxalq Musiqi Festivalında (2018) solo ifa nominasiyasında II yeri qazanmışdı. O, builki festivalda da yüksək peşəkarlıq göstərərək tamaşaçılardan alqış aldı.
Sardor Soliyev konsertdən öncə qəzetimizə açıqlamasında dedi: “Azərbaycana növbəti dəfə festivala dəvət edilməyim məni çox sevindirdi. Bu dəfə solo ifamla çıxış edirəm. Festivalın zəngin proqramı var və iştirakçılar üçün yaradılan şəraitə görə təşəkkür edirəm. Bu gün proqrama bizim zəngin muğam nümunələrimizi daxil etmişəm. Sonda isə həmkarım İlyas Arabovla birlikdə Səmərqənd şaşmakomunu ifa edəcəyik”.
***
İyunun 21-də daha bir konsert Azərbaycan Milli Konservatoriyasında təqdim edilib. Səhnəyə İordaniyanın tanınmış vokalçısı Macadi Nahhas və caz pianoçusu, “Cadenza” orkestrinin üzvü Tural Rafael çıxıblar. Macadi Nahhas Beyrut Musiqi Konservatoriyasının (Livan) məzunudur. O, musiqi karyerasına 1997-ci ildə “Jerash” festivalında ilk canlı ifası ilə başlayıb. Onun musiqisi ərəb melodiyalarını Kuba və latın cazı ilə birləşdirir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Tural Rafael isə piano ifaları ilə tanınır. O, ölkəmizlə yanaşı, xaricdə də festivallarda çıxış edir.
***
İyunun 22-də beynəlxalq Muğam Mərkəzində misirli musiqiçi Mustafa Said (ud, vokal) ərəb musiqisinin təbliği məqsədilə yaratdığı ansamblla konsert verib. Proqramda Ansambl poeziya, tarix, ədəbiyyat və musiqidən ilhamlanaraq yeni kompozisiyalar təqdim edir.
Daha bir konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilib. Burada Yunanıstanın “En Chordais” musiqi ansamblı çıxış edib. Salonikidə fəaliyyət göstərən ansambl Aralıq dənizi ölkələrinin müasir musiqi cərəyanlarını təbliğ edir.
22 iyunda Milli Konservatoriyada Hindistan və Azərbaycan musiqiçilərinin iştirakı ilə daha bir konsert proqramı təqdim olunub.
***
İyunun 23-də festival konsertəri mədəniyyət paytaxtımız Şuşada davam edəcək. Şuşa şəhərində bərpa olunmuş tarixi məkanlarda – Bülbülün Ev-Muzeyinin həyətində, Yaradıcılıq Mərkəzində, Xurşidbanu Natəvanın evinin qarşısında, və “Qarabağ” hotelinin qarşısındakı parkda eyni vaxtda muğam və poeziya ifaları səslənəcək.
İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri (dirijor Benjamin Yusupov – Tacikistan-İsrail və solist Mahmoud Turkmani (ud) – Livan-İsveçrə) çıxış edəcək.
Festivalın daha bir konserti Milli Konservatoriyada təşkil olunacaq. “Muğam hekayətləri” adlı layihədə Xalq artisti Teyyub Aslanov və pianoçu Nicat Aslanov çıxış edəcək. Layihənin musiqi məsləhətçisi Xalq artisti Salman Qəmbərovdur.
24-25 iyunda festivalın “Muğam marafonu” 24 saat layihəsi və İçərişəhərdə “Muğam saatı” açıq hava “Sound” performansı da davam edəcək.
Festivalın bağlanış mərasimi iyunun 25-də Heydər Əliyev Mərkəzində gerçəkləşəcək.
Lalə