Soltan Soltanlı: “Bəzən günlərlə düşünməyə vaxt sərf edirəm. Kətanı, rəngləri adi mövzular üçün israf etməməliyəm...”

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, karikaturaçı, qrafik rəssam Soltan Soltanlı bənzərsiz əsərləri ilə sənətsevərlərə yaxşı tanışdır. O, müxtəlif ölkələrdə beynəlxalq müsabiqə, sərgi və festivallarda iştirak edib, əsərləri beynəlxalq kataloqlarda yer alıb, mükafatlara layiq görülüb. Əl işləri muzeylərdə və özəl kolleksiyalarda saxlanılır.

YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil edilən və bu ilin sentyabrınadək açıq olan “Çəhrayı-Qara” adlı qrup sərgisində Soltan Soltanlının da əsərləri yer alıb. Bu günlərdə rəssamla görüşüb həmsöhbət olduq, əsərlərinin ideya-estetik məziyyətləri, həmçinin özünün sənət haqqında düşüncələrini öyrəndik.

 

– Neçə yaşınızdan rəssamlıqla məşğul olursunuz? Bu sahəyə marağı, həvəsi kim yaradıb?

– 4-5 yaşımdan rəsm çəkdiyim yadıma gəlir. Hara gəldi çəkirdim. Onu da deyim ki, kəndimizdə rəsm çəkməyinə qibtə etdiyim çoxlu uşaq var idi. Sadəcə, mən bu sahədə ardıcıl oldum. Heykəltaraş da olmaq istəyirdim. Amma məni rəssamlıq daha çox cəlb etdi. Soyumuzda məndən öncə rəssam olmayıb.

 

– Bildiyimə görə, atanız rəssam olmağınızı istəməyib.

– Mən bu maneçiliyin nə olduğunu indi anlayıram. Qızım və oğlum da yaxşı rəsmlər çəkirlər. Mən də onlara bu sahəni seçmələrinə “mane” oluram. Daha doğrusu, deyirəm ki, rəsm çəkin, yadırğamayın, amma başqa sahədə təhsil alın. Rəsmlə bağlı gərək olanı mən öyrədəcəyəm. Başqa sahədən davamlı gəlirin olarsa, rəssamlıqla istədiyin kimi məşğul olacaqsan. Atam da bu baxımdan rəssam olmağıma qarşı idi. Yəni demək istəyirdi ki, özünə çörəkli bir iş tap. Məndəsə bu sənətə dərin bir yanğı, ehtiras vardı.

 

– İxtisasca filoloqsunuz. Rəssamlıq və filologiya. Bunlar bir-birinə necə təsir edir?

– Atam Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Filologiyaya maraq bizim qanımızdadır. Həm də filologiyanı seçməyim kənddən çıxmaq, böyük sənətin ardınca Bakıya gəlmək istəyimlə bağlı idi. Filologiya mənə Azərbaycan və dünya ədəbiyyatını öyrənməyimdə çox kömək elədi. Magistraturanı isə dilçilik üzrə oxudum, dilin enerjisini, fəlsəfəsini yaxından anladım. Ən başlıcası, filologiya təhsili mənə uzun illər mətbuatda jurnalist kimi çalışmağıma yardımçı oldu. Bundan başqa, ədəbiyyatda olan bir çox şeyi rəssamlığa gətirə bildim. Çoxları deyir ki, sizin rəsmlərdə poeziya var. Bu, doğrudur. Poeziyanı çox sevirəm. Bizim poeziyamız, özəlliklə klassik dövr çox fəlsəfidir. Amma rəssamlığa gəldikdə fəlsəfə yoxdur. Düzdür, bizim peşəkar rəssamlığın vur-tut bir əsrlik tarixi var. Ona görə də rəssamlıqdakı fikir qıtlığı məni təmin etmədi və fəlsəfi əsərlərimi yaratmağa başladım.

1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul olunandan sonra başlıca işim sərgilərə getmək, rəssamlarla görüşmək oldu. Mən dərsdən sonra müxtəlif ünvanlardakı emalatxanalara gedir, tanınmış rəssam və heykəltaraşlarla təmasda olurdum. Bu görüşlər məndə rəssamlığa qarşısıalınmaz bir tutqu, ehtiras yaradırdı. Sonradan bu görüşləri yazılara, müsahibələrə çevirməyə başladım. İkinci kursda universiteti buraxıb rəssamlıq üzrə təhsil almaq istəyirdim. Elə bilirdim rəssamlıq təhsili və diplomu alan kimi sənətkar olacağam. Sonra qəti qərara gəldim ki, mən rəssamlıq təhsili almayacağam, amma rəssam olacağam. Bu işdə rəssamlıq təhsili almayan, amma dünya rəssamlığında iz qoyan dahilərin həyatı mənə kömək oldu.

 

– Fərqli rəssam olmaq arzunuzu tam olaraq reallaşdıra bildinizmi?

– Sonradan rəssamlarımızla görüşlərdən bir şey anladım: onlar texnikanı yaxşı bilirlər, yaxşı rəng vururlar, amma əbədiyaşar əsərlər, mövzular azdır. İnsanı, tamaşaçını dərindən, içdən silkələyən, onda min bir sual yaradan, düşüncəsini ardıcıl məşğul edən əsərlər gərəkdir. Ona görə də fərqli olmaq üçün yollar aradım. Nə ilə fərqli olmaq olardı? Mövzularla. Bunun üçün isə dərin düşünmək gərəkdir.

Açığı, hamı istəyir ki, fərqli olsun. Bunun üçün sənətdə cəfəngiyyata belə gedirlər. Mən düşüncə tərzimlə fərqli olmağı seçdim. Bütün əsərlərimdə həyata öz münasibətim var. Həyata münasibəti olmayan yaradıcılıq kimə gərəkdir? Həyata münasibət göstərmək – hadisələri özün və başqaları üçün izah eləməkdir. Şeir, musiqi, rəsm həyatın fərqli izah biçimləridir. Əgər rəsm özü həyatın izahıdırsa, onu yenidən sözlə izah eləməyə nə gərək var? Yəni rəsm elə olsun ki, baxan kimi anlaşılsın, onu izah etməyə gərək olmasın. Bunun üçün sənətkar dərin düşünməli, sadə çəkməlidir. 

 

– Bir fikrinizdə deyirsiniz ki, bütün rəssamların bir məktəbdən keçməsi, eyni müəllimlərdən dərs alması, eyni şeyləri öyrənməsi sonda onların bir-birinə bənzəməsinə gətirib çıxarır. Belə olan halda rəssamlıq təhsili almağa gərək varmı? İndi də bu qənaətdəsiniz?

– Bu fikir mənim rəssamlıq təhsili almamaq haqqında qərarımla bağlıdır. Belə üsulla tələbə yalnız şəkil çəkməyi öyrənə bilər. Rəssamlıq məktəblərində tələbələrə şəkil çəkməyi öyrədirlər, yaradıcılığı yox. Yaradıcılıq insanın içindən gəlməlidir. Bəlkə də onun müəyyən yönlərini başa salmaq olar, ancaq bunu özün bacarmalısan. Necə ki, həyatı hər kəs özü yaşamalıdır. Başqası bizim yerimizə həyatı yaşaya bilməz. Çox çətin şeydir orijinal olmaq. Bir də dünyanın ən məşhur rəssamları məktəb görməyiblər, amma məktəb yaradıblar.

 

– Fərqli üslubunuzla diqqət çəkirsiniz. Öz dəst-xəttini yaratmaq asan deyil. Bu istiqaməti gənc nəslə ötürmək fikriniz varmı?

– Üslub yaratmaq çətindir. Yüzlərlə musiqiçi, rəssam, aktyor, yazıçı, şair var, amma onlardan yalnız hər sahədə bir neçəsinin öz üslubu var. Mənim yolum fəlsəfəyə, düşüncəyə bağlıdır, ona görə çətindir. Bəzən günlərlə düşünməyə vaxt sərf edirəm. Kətanı, rəngləri adi mövzular üçün israf etməməliyəm. Rəssamlıq yalnız təsvir sənəti deyil, o, ən başlıcası, düşüncə sənətidir. Başqa sözlə, rəssamlıq təkcə əl yox, həm də beyin işidir. Məncə, gənc nəslin kimisə təqlid etməsinə gərək yoxdur. Yeni gələnlər yeni şeylər yaratsalar, yaxşı olar. Çünki imkan həmişə var.

 

– Əsərləriniz tamaşaçılarda böyük maraq doğurur. Rəsmləriniz satın alınırmı?

– YARAT-ın 2019-cu ildə təşkil etdiyi sərgi mənim üçün yaddaqalan oldu. 45 gün davam etdi və əsərlərin hamısı satıldı. Sərgidə 34 əsər vardı. 11 əsəri ayrı-ayrı adamlar, 23 əsəri isə bir kolleksiyaçı aldı. Bu, sərgidə bütün əsərlərin satılması baxımından ölkəmizdə ilk idi.

 

– Paytaxtımızda keçirilən rəsm sərgiləri sizi qane edirmi?

– Elə sərgi təqdim etməlisən ki, orijinal olsun. Sərgi insanda dərin təəssürat yaratmalıdır. Tamaşaçı sərgidən təsirlənməli, sual dolu qafayla, genişlənmiş idrak üfüqləriylə salondan çıxmalıdır.

 

– Çoxsaylı beynəlxalq sərgilərə qatılır, mükafatlar qazanırsınız...

– 1997-ci ildən ölkəmizi beynəlxalq festival, yarışma və sərgilərdə təmsil edirəm. Beynəlxalq sərgi və yarışmaların öz tələbləri var. Bir sənətkar yalnız belə beynəlxalq yarışmalara qatılmaqla öz gücünü, dünyadakı yerini müəyyən edə bilər. Təvazökarlıqdan uzaq olsa da, əsərlərimi dünya səviyyəsinə uyğun yaratmıram, özüm bir səviyyə yaratmağa çalışıram. Mənim üslubum, mövzularım tamam yenidir. Dünya səviyyəsi yaratmaq üçün dünyanı heyrətləndirməlisən. Nəylə? Orijinal üslub, mövzu və yaradıcılıqla. Bunun üçün insan idrakının ən dərin qatlarına enmək tələb olunur. Bax, o zaman həqiqi, gerçəkliyin fövqünə yüksələn, zamanları aşan tablolar yaratmaq olur.

Mükafat məsələsinə gəlincə, bilirsiniz, indi bunlar da adiləşib. İki cür mükafat var: yarışmaya qatılaraq zəhmətlə qazanılmış mükafat, bir də təşkil edilmiş mükafat. Ölkəmizdə ikinci tip mükafatçılar gündən-günə çoxalmaqdadır.

 

– Bəs ölkəmizdə necə, yaxşı tanınırsınızmı?

– Sənət çevrəsi yaxşı tanıyır. Rəsmi dairələrdən isə 25 illik beynəlxalq fəaliyyətimlə bağlı quru “sağ ol” da eşitməmişəm. Yaxşı ki, dünyada yaradıcılığıma qiymət verənlər var. Xaricdə, ağla gəlməyən ölkələrdə Azərbaycanı təmsil edirəm, burada isə mükafatları başqalarına verirlər...

 

– Bəzən tamaşaçılar da, yaradıcı adamlar və mütəxəssislər də sənətin səviyyəsindən narazılıq edirlər...

– Bu, əslində, sənətin çökməsidir. Hansı eybəcər sənətdə dərinlik tapa, ondan zövq, həzz ala bilərsiniz? Eybəcərlikdə dərinlik ola bilməz. Sənətin eybəcərləşməsi bəşərin tükənməyinin göstəricisidir. Fəlsəfə deyir ki, eybəcərlik yoxdur, gözəlliyin olmaması var. Beləliklə, sadəcə, gözəlliyin olmaması yetir ki, eybəcərlik ortaya çıxsın. Yəni bəşər daha gözəllik yarada bilmir. Necə ki, insan idrakı dəyərli fikirləri çətinliklə düşünüb tapır, cəfəngiyyat isə düşüncə tələb etmədən ortaya çıxır. Bəşəriyyətin texniki sahədə bütün tapıntıları, icadları insanı sevindirir, əlindən tutur. Texniki sahədə hansısa cəfəng icada rast gələrsinizmi? Yox. Ona görə ki, texniki icadlar dərin düşüncədən yaranır. Texniki sahə də insan ruhunun ifadəsidir. Sənət isə “ruhsallıq”, “duyğusallıq” adıyla cəfəngiyyata gedib çıxdı. Ruhsallıq cəfəngiyyat ola bilməz. Cəfəngiyyat isə doğruçu ruhsallığın olmadığı yerdə cücərir. Sənət ən yüksək zəkayla ən yüksək duyğunu özündə birləşdirməlidir. O zaman eybəcərlik sənətdən yox olacaq...

 

– Rəsm əsərləri təkcə sərgi salonlarını, muzeyləri deyil, evləri də bəzəsə, yaxşı olmazmı?

– Adamlar evlərini ən yüksək səviyyədə təmir etdirirlər, otaqlarına ən bahalı əşyalar alırlar, amma ora bir rəsm əsəri asmaq yadlarına düşmür. Mənə elə gəlir ki, rəsm əsərinin olmadığı ev nə qədər yüksək səviyyədə təmir edilsə də, yoxsul görünəcək. Bir rəsm əsəri asmaq yetər ki, eviniz zəngin görünsün və siz ömür boyu ondan enerji alasınız...

Lalə Azəri