Noyabrın 26-da Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi və Şərqi Avropa bölməsinin müdiri Kunixiko Kavazunun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.
   Nazirliyin Turizm şöbəsindən verilən xəbərə görə, görüşdə GUAM və Yaponiya əməkdaşlığı formatında turizm sahəsində aparılan işlər, turizmlə əlaqəli sahələr üzrə keçirilmiş seminarlar, bu ilin ortalarında Yaponiyanın media təmsilçiləri və turizm nəşriyyatçıları üçün təşkil olunmuş infoturun nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
   Turizm şöbəsinin müdir müavini Rauf Paşayev Azərbaycan turizm sənayesinin Yaponiya bazarında daha da fəal iştirakda maraqlı olduğunu qeyd edib və bu istiqamətdə Yaponiya telekanallarında Azərbaycanın turizm potensialına həsr olunmuş videomaterialların yayımlanması, yapon dilində turist bələdçi kitablarının nəşri və yeni infoturun təşkil olunmasına dair planları qonaqların diqqətinə çatdırıb.

   Fəxriyyə