Xəbər verdiyimiz kimi, Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) Bakıya qastrol səfərinə gəlib.
1-9 iyul tarixlərini əhatə edən səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökuməti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.
Primorsk Akademik Vilayət Dram Teatrı bu il 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatr ənənələrini qoruyub saxlayan qocaman akademik teatrın qastrol tamaşaları Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunur.
Qastrol Mixail Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayıb.
Qeyd edək ki, teatrın qastrol səfərinə tamaşaçıların diqqət və marağı ilə əlaqədar “Master və Marqarita” təkrar olaraq 4 iyulda da nümayiş olunacaq. Bundan əlavə, ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası əvvəlcə nəzərdə tutulduğu kimi bir dəfə deyil, iki dəfə – iyulun 5-də və 8-də təqdim ediləcək.
6-7 iyulda isə tamaşaçılar əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramını izləyə biləcəklər.
Vladivostok teatrının Bakı qastrolu iyulun 9-da rus yazıçısı Valentin Pikulun “Kreyserlər” tarixi romanı əsasında hazırlanmış tamaşa ilə başa çatacaq.
“Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.
Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin Rusiyadan kənarda ən irimiqyaslı qastrol səfəridir.