Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1993-cü il 19-22 dekabr
Prezident Heydər Əliyev Fransaya rəsmi səfəri gedişində Parisdəki Sen Klu qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib. Prezident Fransada yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə görüşüb, Luvr Muzeyində olub, UNESCO-nun iqamətgahında təşkilatın baş direktoru Federiko Mayor ilə görüşüb. Heydər Əliyevə UNESCO-nun xatirə medalı təqdim edilib.
1993-cü il 28 dekabr
Heydər Əliyev Sumqayıta səfəri zamanı şəhərdəki Tarix Muzeyində olub, muzeyin qarşısında sakinlərlə görüşüb.
1993-cü il 29 dekabr
Prezident Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) anadan оlmasının 110 illik yubileyinin keçirilməsi haqqında fərman imzalayıb. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün komissiya yaradılıb.
1994-cü il 4-5 yanvar
Prezident Heydər Əliyev hərbi quruculuq məsələlərinə həsr olunmuş müşavirə keçirib, cəbhə bölgələrinə səfər edib.
1994-cü il 9 yanvar
Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın bir qrupunu qəbul edib. Görüşdə Almaniyadakı Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri – “Ana dili” qəzetinin naşiri və redaktoru Nurəddin Qərəvi, tanınmış qarmon ifaçısı Rəhman Əsədullahi və başqaları iştirak ediblər.
Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsini çox arzulayırdı. Bu işdə xaricdə mədəniyyət xadimi kimi tanınan soydaşlarımızın rolunu xüsusi qeyd edirdi. Heydər Əliyevin görüşdə dediklərindən:
“Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır...
Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz, Fransada, Amerikada da yaşaya bilərsiniz, varınız da, dövlətiniz də olar. Amma o ölkələr sizin Vətəniniz ola bilməz. Bunu təkcə azərbaycanlıya aid etmək olmaz. Hər bir millətin, hər bir insanın ana torpağı onun Vətənidir. Azərbaycanlıların da Vətəni Azərbaycandır...”.
1994-cü il 27 yanvar
Prezident Heydər Əliyev Ankaradakı Azərbaycan Mədəniyyət Cəmiyyətinin (Kültür Dərnəyi) baş katibi Əhməd Qaracanın rəhbərliyi ilə Bakıya gələn Türkiyədəki soydaşlarımızın bir qrupu ilə görüşüb.
1994-cü il 7 fevral
Heydər Əliyev Xalq artisti, kinorejissor Tofiq Tağızadəni 75 illik yubileyi münasibətilə təbrik edib. “Milli kino sənətimizin zəngin xəzinəsinə daxil olmuş filmləriniz tamaşaçıların dərin rəğbətini qazanmışdır. Yüksək peşəkarlığınız, özünəməxsus dəst-xəttiniz Sizi Azərbaycan mədəniyyət və incəsənətinin ön sıralarına çıxarmışdır”, – deyə təbrikdə vurğulanırdı.
1994-cü il 8-11 fevral
Prezident Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq müqavilələri imzalanıb. Heydər Əliyev Ankaradakı Əsri məzarlığında Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib, qardaş ölkədə yaşayan soydaşlarımızla görüşüb, Türkiyə Böyük Millət Məclisində çıxış edib.
“Əsrlər boyu nə qədər çətinliklər, nə qədər müharibələr, mücadilələr olmuşsa da, tarixi köklərimizin birliyi heç vaxt qırılmamışdır. Bu tellər daim bir-biri ilə bağlı olmuşdur. Ancaq elə illər olmuşdur ki, insanlar bir-birini görməyə, əlaqə saxlamağa həsrət qalmışlar. Lakin yenə də ümidlərini itirməmişlər. Xalqlarımızın qardaşlıq, dostluq əlaqələri, milli ənənələrin eyni kökdən olmaları bu gün bizim üçün həm örnəkdir, həm də indimiz və gələcəyimiz üçün çox böyük təməldir, əsasdır...
Xalqımız ilk demokratik dövlət qurduğu dövrdə Türkiyə Azərbaycanla bir olmuş, bərabər olmuş, Azərbaycana çox böyük kömək və yardım etmişdir. Bunu Azərbaycan xalqı heç vaxt unutmayıb və unutmayacaqdır... Türk ordusunun Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır.
Biz uzun illər ərzində, 70 il bir-birimizdən ayrı düşmüşdük. Əvvəllər birliyimizə maneçilik törədən amillər olmuşdur. Lakin elm, mədəniyyət, ədəbiyyat adamlarımız bizim həmişə birgə olmağımızı təmin etmişlər... Ulu babalarımızın bizə verdikləri nəsihətlərlə yaşamış olan xalqlarımızın mütəfəkkirləri milliyyətimizi, milli ənənələrimizi, mədəniyyətimizi, dilimizi, tariximizi unutmağa qoymayıblar...”.
1994-cü il 7-11 mart
Prezident Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı iki ölkə arasında elmi-texniki və mədəni əməkdaşlıq da daxil olmaqla müxtəlif sahələrdə sənədlər imzalanıb. Heydər Əliyev Böyük Çin səddində olub, Pekinin tarixi abidələrindən olan imperator sarayını – “Qudun” muzeyini ziyarət edib.
1994-cü il 14 mart
Heydər Əliyev Ramazan bayramı münasibətilə paytaxtın Şüvəlan qəsəbəsindəki Mirmöhsün ağanın qəbrini və Nardaran pirini ziyarət edib.
1994-cü il 18 mart
Heydər Əliyev Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş “Müharibə vaxtı insanpərvərlik” mövzusunda rəsm sərgisinin açılışında iştirak edib.
Hazırladı: V.Orxan