Olaylar, faktlar (1-5 iyul)

 

454 il əvvəl...

 

1 iyul 1569-cu ildə Polşa və Litva knyazlıqları birləşərək Reç Pospolita dövlətini yaradıblar. Lyublin uniyası hələ 1385-ci ildən başlanan birləşmə prosesinin yekunu idi. Reç Pospolita XVIII əsrin sonunda Rusiya və Almaniya (Prussiya) tərəfindən bölüşdürüldü.

 

323 il əvvəl...

 

3 iyul 1700-cü ildə I Pyotrun Azov yürüşlərinin (1695-1696) nəticəsi ilə bağlı Rusiya ilə Osmanlı arasında sülh imzalanıb. İstanbulda imzalanan sazişə əsasən, Azov dənizi sahilindəki limanlarla birlikdə Rusiyanın nəzarətinə keçib. Osmanlı Dneprboyu ərazilər üzərində nəzarətini də itirib.

 

247 il əvvəl...

 

4 iyul 1776-cı ildə Amerika Birləşmiş Ştatlarının yaranması barədə “Müstəqillik Bəyannaməsi” qəbul olunub. Tomas Ceferson tərəfindən hazırlanan sənədə Britaniyanın Amerikadakı müstəmləkəsi olan 13 ştat imza atmışdı. Ştatların Filadelfiyada keçirilən II Kontinental Konqresində qəbul edilən “Müstəqillik Bəyannaməsi”ndə o vaxt Avropada hələ olmayan insan haqları və bərabərlik prinsipləri  önə çəkilmişdi.

 

156 il əvvəl...

1 iyul 1867-ci ildə Kanada dövlətinin yarandığı elan edilib. O vaxtadək Kanada ingilislərin tam müstəmləkəsi idi. Britaniya Parlamentinin qəbul etdiyi qanuna əsasən, Kanada dominion (Britaniya Kralının general-qubernator təyin etdiyi, amma faktiki müstəqil) dövlət statusu aldı. O vaxt Kanadanın 4 vilayəti vardı və ərazisi indikinin üçdəbiri qədər idi.

 

105 il əvvəl...

 

2 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr imzalayıb. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. Prezident Heydər  Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycanda “Polis günü” kimi qeyd olunur.

 

103 il əvvəl...

 

4 iyul 1920-ci ildə Azərbaycan İnqilab Komitəsi (müvəqqəti hökumət) kino qurğularının milliləşdirilməsi haqqında dekret verib. Respublikadakı bütün kinematoqrafiya müəssisələri Xalq Maarif Komissarlığının yanında İncəsənət Şöbəsinin ixtiyarına verilib. Daha sonra İncəsənət Şöbəsi yanında Mərkəzi Kinoprokat İdarəsi yaradıldı.

 

77 il əvvəl...

 

4 iyul 1946-cı ildə Filippin müstəqilliyini elan edib. Üç əsrə yaxın İspaniyanın müstəmləkəsi olmuş Filippin müstəqilliyini 1898-ci ildə (ABŞ-İspaniya müharibəsindən sonra) bəyan etmişdi, lakin sonra Amerikanın müstəmləkəsinə çevrilmişdi. 1934-cü ildə ABŞ Filippinə muxtariyyət vermişdi.

 

61 il əvvəl...

 

3 iyul 1962-ci ildə Fransanın müstəmləkəsi olan Əlcəzair müstəqillik əldə edib. XVI əsrin ortalarından Osmanlının hökmranlığında olan Əlcəzair 1830-cu ildən Fransanın nəzarətinə keçmişdi. 1954-cü ildə Əlcəzairdə müstəmləkəçilik əleyhinə savaş başlamışdı.

 

47 il əvvəl...

 

2 iyul 1976-cı ildə Vyetnamın cənubunda ABŞ işğalçılığının başa çatması ilə ölkə birləşib. Şimaldakı Hanoy şəhəri paytaxt olmaqla Vyetnam Sosialist Respublikasının yarandığı elan edilib. Cənubda amerikapərəst rejimin mərkəzi olmuş Sayqon şəhəri Xoşimin (Vyetnam kommunistlərinin lideri) adlandırılıb.

 

29 il əvvəl...

 

3 iyul 1994-cü ildə erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

 

21 il əvvəl...

 

5 iyul 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövlətinin xaricdəki soydaşlarla əlaqələrini tənzimləyəcək qurum – Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanı ilə qurum Diasporla İş üzrə Dövlət Komitəsinə çevrilib.

Hazırladı: V.Orxan