Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində paytaxt teatrlarının regionlara qastrol səfərləri Qurban bayramı ilə əlaqədar elan olunmuş tətil günlərində də davam edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyunun 27-də Lənkəran Dövlət Dram Teatrında Yuri Entin və Vasili Livanovun Qrim qardaşlarının eyniadlı məşhur nağılının motivləri əsasında yazdıqları “Bremen musiqiçiləri” tamaşasını nümayiş etdirib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası ilə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış edib.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı isə iyunun 27-də şəkili teatrsevərlərin qonağı olub. Kollektiv Şəki Dövlət Dram Teatrında “Ələddin, şahzadə Jasmin və çıraqdakı Cinin macəraları” tamaşasını təqdim edib.
Xatırladaq ki, bu ilin mart ayından təşkil edilən və ölkəmizdə teatr proseslərinin canlandırılmasını nəzərdə tutan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdan ibarətdir.