“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022–2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı təlim Gəncədə təşkil olunub.
Təlim Mədəniyyət Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun birgə təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilib.
Regional idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyası Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev çıxış edərək narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkotik əleyhinə təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib, iştirakçıların sualları ətrafında müzakirələr aparılıb.