Azərbaycanın qədim sənətkarlıq mərkəzlərindən olan Şəki yenidən bir sıra ölkələrdən ifaçı və kollektivləri bir araya gətirib. 3-7 iyul tarixlərində şəhərdə növbəti musiqi bayramı – “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı keçirilir.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan festivalda ölkəmizlə yanaşı, Türkiyə, Çin, Qazaxıstan və Özbəkistandan təşrif buyuran musiqiçilər öz çıxışları ilə Azərbaycana olan dostluq münasibətlərini nümayiş etdirərək musiqi şöləninə rəng qatırlar.
İyulun 3-də Şəkinin gözəl, mənzərəli guşələrindən “Marxal” Yay teatrında festivalın təntənəli açılış mərasimi oldu. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları və iştirakçıları salamlayaraq belə möhtəşəm bir festivalın Şəkidə keçirilməsindən böyük məmnuniyyət duyduqlarını dilə gətirdi. İcra başçısı dedi: “Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. 2017-ci ildə UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilib. 2019-cu ildə ölkəmizin və şəhərimizin həyatında çox əlamətdar hadisə baş verib. Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib”.
Qeyd olundu ki, Şəki Azərbaycanda həm də “Festivallar şəhəri” kimi tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu“ Beynəlxalq musiqi, şirniyyat və teatr festivalları şəhərin qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasına imkan yaradıb, eyni zamanda turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.
Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərdiklərini dedi, festivalın işinə uğurlar arzuladı.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadə builki festivala da ciddi hazırlığı və tədbirə həm Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həm də TÜRKSOY-un göstərdiyi dəstəyi xüsusi qeyd etdi. Firəngiz xanım festivala ev sahibliyi edən Şəki Şəhər İcra Hakimiyyətinə və ümumən Şəki camaatına minnətdarlığını bildirdi.
Çıxışlardan sonra Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olundu. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında təqdim olunan operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Əsərdə Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Ramil Qasımov, Tural Ağasiyev, həmçinin Aysel İbrahimova, Fəhmin Əhmədli, Taleh Yahyayev öz çıxışları ilə gözəl təbiət qoynunda tamaşaçıların vətən sevgisinə xüsusi rövnəq verdilər. Opera tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Ümumiyyətlə, “İntizar” operası öz bədii məzmunu ilə həm xalqımızın bədxahlar tərəfindən məruz qaldığı faciəvi yaşantıları, həm də böyük vətən sevgisi və mübarizliyini özündə əks etdirən tarixi bir əsərdir. Bu opera eyni zamanda Firəngiz Əlizadə yaradıcılığının zirvəsi hesab olunur. Festivalın açılış mərasimi üçün məhz “İntizar” operasının seçilməsi də təsadüfi deyildi. Bu həm vətənpərvərlik mövzusunun tərənnümü, həm də festivalın ənənələrinə uyğun olaraq klassik musiqi janrlarının təbliği ilə bağlıdır.
Xatırladaq ki, ötən illərdə keçirilən festivallarda Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, M.Maqomayevin “Şah İsmayıl”, F.Əmirovun “Sevil” operaları və s. səhnə əsərləri nümayiş olunub.
Tamaşanın nümayişindən sonra Şəkinin icra başçısı Elxan Usubov və Xalq artisti Firəngiz Əlizadə səhnəyə çıxaraq ifaçılara təşəkkürlərini bildirdilər. Operanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor Əməkdar artist Əyyub Quliyev yaradıcı heyət adından festivalın təşkilatçılarına və tamaşaçılara minnətdarlıqlarını ifadə etdilər.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı təşkilatın baş katibi Sultan Raevin adından təbriklərini çatdırdı, festivalın işinə uğurlar arzuladı. Elçin Qafarlı Elxan Usubova və Firəngiz Əlizadəyə TÜRKSOY-un xatirə hədiyyəsini, Akademik Opera və Balet Teatrının bir qrup yaradıcı heyətinə isə diplom və sertifikatlar təqdim etdi.
Elxan Usubov öz növbəsində Firəngiz Əlizadəyə və Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevə festivalın xatirə hədiyyəsini təqdim etdi.
Beləliklə, dağlar qoynu Şəkidə sayca 12-ci “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başlandı.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi