Xəbər verdiyimiz kimi, 3-7 iyul tarixlərində Heydər Əliyev Mərkəzində “Bakı Yay Caz Günləri” keçirilir.
Silsilə konsertlərin açılış günü Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan və Meltem Ege qrupu Bakı Kamera Orkestri ilə birgə səhnəni bölüşüb.
Daha sonra pianoçu Elçin Şirinov və kvartetinin konserti olub. 4 il ərzində İsrailin “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində çıxış edən Elçin Şirinov israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirib.
İyulun 4-də Heydər Əliyev Mərkəzində məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə çıxış edib. “Qremmi” mükafatı nominantı Alfredo Rodrigez dünya turnesi çərçivəsində Bakıda cazsevərlər qarşısına çıxıb.
Artıq 5-ci dəfədir ki, təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim edilir. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.
İyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Həmin gün Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadənin adını daşıyan 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara caz axşamı bəxş edəcəklər.
Caz günlərinin yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir. Auditorium zalındakı konsertlərin biletlərini şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.