Altı tamaşanın premyerası olub

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 95-ci mövsümdə altı tamaşanın premyerası keçirilib. Bu barədə teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.

Başa çatan mövsümdə ilk premyera Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin (müəllif və quruluşçu rejissor) “Kod adı: V.X.A.” tamaşası olub. Səhnə əsəri repressiya illərində dəhşətli cəzalara məruz qalmış ziyalılarımızın həyat yoldaşlarının sürgündəki (Qazaxıstanda) məşəqqətlərindən bəhs edir.

Müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edən “İnanıram” (müəllif Ülviyyə Heydərova) və ədəbiyyat üzrə Nobel mükafatçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” əsərləri əsasında uşaqlar üçün hazırlanan “Mauqli” tamaşaları (hər ikisinin quruluşçu rejissoru Elşad Rəhimzadə) da bu mövsümdə  teatrsevərlərə təqdim olunub.

Bundan əlavə, Əməkdar artist Nicat Kazımovun quruluşunda 44 günlük Vətən müharibəsindən bəhs edən “Balaca kişilər” (müəllif İlqar Fəhmi), Müşfiq Əliyevin quruluşunda İsveç dramaturqu Benqt Alforsun “İllüzionistlər” pyesi əsasında hazırlanan “35 ildən sonra”, fransız dramaturqu Jan Kotonun “Biganə yaraşıqlı” əsəri əsasında Aydan Həsənzadənin quruluş verdiyi (eyni zamanda baş rolu oynadığı) “Biganə məşuq” tamaşalarının premyerası keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən ölkə üzrə təşkil olunan qastrol səfərlərində Gənc Tamaşaçılar Teatrı da fəal iştirak edib. Kollektiv  Sumqayıt Dram Teatrının səhnəsində “Dəcəl keçi” (müəllif Pərvin Nurəliyeva) tamaşası, Gəncə Dövlət Dram Teatrında “Qağayı” (Anton Çexov) və Lənkəran Dövlət Dram Teatrında “Bremen musiqiçiləri” (Yuri Entin,  Vasili Livanov) tamaşalarını göstərib.

Gənc Tamaşaçılar Teatrı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 1-ci “Avrasiya” Beynəlxalq Teatr Festivalına da qatılıb. Yaradıcı heyət festivalda İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun hazırladığı “Mən gəldim, qızlar” tamaşası ilə çıxış edib.

Teatr mövsümü Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə başa vurub.