Ozurgeti festivalına “Küknarlara məktub” tamaşası aparılıb

 

Gürcüstanın Ozurgeti şəhərində 5-15 iyul tarixlərində keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında ölkəmiz də təmsil olunur.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının heyəti Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda iştirak etmək üçün Gürcüstana yollanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivala İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan da teatrlar gəlib.

Festival çərçivəsində Avrasiya Teatrlar Birliyinin toplantısı da təşkil olunacaq. Birlikdə ölkəmizi Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov təmsil edir.

İyulun 15-də Ozurgeti şəhərində (Gürcüstanın qərbində Quriya regionunun mərkəzi, sovet dövründə şəhər Maxaradze adlanıb) Aleksandr Tsutsunava adına Dövlət Dram Teatrının 155 illik yubileyinə həsr olunmuş bayram gecəsi, festival iştirakçılarının mükafatlandırılması və festivalın təntənəli bağlanışı keçiriləcək.

Festivalın repertuarında görkəmli dramaturq Nodar Dumbadzenin (1928-1984) və  digər  gürcü müəlliflərinin əsərləri əsasında hazırlanan tamaşalar yer alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iyulun 6-da məşhur Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edib.

2022-ci ilin noyabrında Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən II “4.4 Qısa Tamaşalar Festivalı”nda təqdim olunan tamaşanın quruluşçu rejissoru Nigar Güləhmədovadır. Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak edirlər. Tamaşanın işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsəri müharibədən qayıdan, kürəyində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.

Tamaşanın rejissor baxışı və yozumu həmçinin sülhü, humanist ideyaları təbliğ edir, insan talelərini məhv edən müharibələrin əleyhinə olan sənət mövqeyindən çıxış edir.