Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1994-cü il 14 mart

 

Prezident Heydər Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 500 illik yubileyi üzrə Dövlət Komissiyasının yaradılması haqqında fərman imzalayıb.

Fərmandan sitat: “Dünya klassikləri sırasında ensiklopedik biliyi, dəyərli bədii-fəlsəfi irsi ilə seçilən ölməz söz ustası Füzulinin Azərbaycan, ərəb və fars dillərində yaratdığı əsərlər ümumbəşəri mənəvi dəyər və sərvətlər xəzinəsinə əbədi daxil olmuşdur. Məhəmməd Füzulinin 500 illik yubileyinin əsaslı hazırlanması və dövlət səviyyəsində keçirilməsi şairin xatirəsinə dərin ehtiram və məhəbbətin ifadəsi olmaqla Azərbaycan xalqının qədim və yüksək mədəniyyətinin bütün dünyada təbliği və tərənnümünə xidmət edir”.

Prezident Heydər Əliyevin sədrliyi ilə Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılıb. Hökumət üzvləri, yaradıcılıq təşkilatlarının rəhbərləri və tanınmış alimlərin daxil olduğu komissiyanın sədr müavinləri Baş nazirin müavini Elçin Əfəndiyev, Elmlər Akademiyasının prezidenti Eldar Salayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev idi. 

Məhəmməd Füzulinin 500 illiyi haqqında hələ 1992-ci il 31 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin (Əbülfəz Elçibəy) sərəncamı imzalanmış, lakin icra edilməmişdi. Heydər Əliyevin fərmanı ilə Füzulinin yubileyi 1994-1996-cı illərdə ölkəmizdə və xaricdə (Türkiyə, Rusiya və s.) silsilə tədbirlərlə qeyd olundu.

 

1994-cü il 20 mart

 

Heydər Əliyev Səttar Bəhlulzadə adına salonda Azərbaycan rəssamlarının Novruz sərgisi ilə tanış olub. Axşam Novruz bayramı münasibətilə televiziya ilə xalqa müraciət edib.

“...Qədimdən bəri qeyd etdiyimiz Novruz bayramı indi Azərbaycan Respublikasının dövlət bayramıdır. Lakin biz bu il də Novruz bayramını çətin şəraitdə keçiririk. Respublikamız erməni silahlı qüvvələrinin təcavüzünə məruz qalmış, ərazimizin bir qismi işğal olunmuş və bir milyondan artıq vətəndaş elindən, obasından didərgin düşmüşdür...

Dünən (19 mart – red.) Bakıda faciəli hadisə baş vermişdir. Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında partlayış nəticəsində sərnişinlərin bir qismi həlak olmuş və yaralanmışdır... Həlak olanlardan biri böyük sənətkar, musiqiçi, bəstəkar, Xalq artisti Rafiq Babayevdir...  Mən həlak olanların ailələrinə başsağlığı verirəm, onlara xalqımızın ümumi kədərini bildirirəm...

Vətənimizin müdafiəsi uğrunda döyüşlər davam edir... Xalqımız əmin olmalıdır ki, Azərbaycan Respublikası bu ağır şəraitdən çıxacaq, torpaqlarımız geri qaytarılacaq, müstəqil Azərbaycan Respublikası dünya birliyində bundan sonra da layiqli yerini tutacaq və öz taleyinin sahibi olacaqdır.

Biz Vətən müharibəsi aparırıq! Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir! Ona görə də bu bayram axşamı vətəndaşlarımızın hamısını birliyə, həmrəyliyə dəvət edirəm... Bu ağır dövrdə respublikamızı, Azərbaycan xalqını bəlalardan xilas etmək üçün birləşmək, bir yolla getmək lazımdır!...”.

 

1994-cü il 21 mart

 

Bakıda, Nizami Gəncənin abidəsi yanındakı meydanda Novruz bayramı şənliyi keçirilib. Heydər Əliyev mərasimdə çıxış edib.

 

1994-cü il 9 may

 

Prezident Heydər Əliyev İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 49-cu ildönümü münasibətilə 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun qəbirüstü abidəsini ziyarət edib, əfsanəvi partizan Mehdi Hüseynzadənin abidəsi önünə əklil qoyub, müharibə veteranları ilə görüşüb. Daha sonra T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının (indiki Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi) kollektivi ilə görüşən Heydər Əliyev Respublika Uşaq Rəsm Qalereyasında sərgiyə baxıb.

 

1994-cü il 13 may

 

Prezident Heydər Əliyev Xalq artisti Hacıbaba Bağırovu 60 illik yubileyi münasibətilə təbrik edib. “Azərbaycan səhnəsində və kinosunda yaratdığınız zəngin komik obrazlar qalereyası Sizə şöhrət gətirməklə yanaşı, milli mədəniyyətimizin inkişafında da müəyyən rol oynamışdır. Yaratdığınız, bədii rəhbəri və direktoru olduğunuz “Tənqid-təbliğ” teatrı Azərbaycanımızın bu ağır günlərində xalqın mənəvi həyatında özünəməxsus yer tutmuşdur. İnanıram ki, bundan sonra da ecazkar sənətiniz Azərbaycan xalqına nikbinlik aşılayacaq...”, – deyə təbrikdə bildirilirdi.

 

1994-cü il 24 may

 

Prezident Heydər Əliyevin imzaladığı fərmanla Xalq yazıçısı İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasının və nəsrinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Dövlət başçısı İlyas Əfəndiyevə 80 illik yubileyi münasibətilə təbrik məktubu da göndərib. “Dünya mədəniyyətinə ölməz dühalar bəxş etmiş qədim Odlar diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz. Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, milli teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir. Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır”, – deyə məktubda bildirilirdi.

Hazırladı: V.Orxan

(davamı var)