Dağlar diyarı Lerikin Ambu kəndində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş zabiti, kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətovun doğum günü münasibətilə xatirəsi anılıb.
Lerik Rayon İcra Hakimiyyətinin müavini Arzu Vəlimmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və başqa qurumların rəhbərləri, ailə üzvləri, eləcə də kənd sakinləri şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə Ambu kəndində dünyaya göz açıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak edib. Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşlərdə şücaət göstərib. Düşmənin canlı qüvvə və hərbi texnikasını sıradan çıxarıb.
Cəsur döyüşçü, iradəli komandir 2020-ci ilin 16 oktyabrında Cəbrayıl rayonunun Hovuslu kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Yeddi aydan sonra cənazəsi tapılaraq 7 may 2021-ci ildə doğulduğu kənddə dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əbülfəz Rəhmətov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
Allah rəhmət eləsin.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü