Məşədi Məmməd Fərzəliyevin öz məzarının axtarışı isə davam etdirilir

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Muğam Mərkəzi üç il əvvəl “Unudulmayanlar” layihəsi çərçivəsində tanınmış şuşalı xanəndə, İstanbul şəhərində dünyasını dəyişmiş Məşədi Məmməd Fərzəliyevin (1872-1962) məzarının axtarışına çıxmışdı.

Araşdırmalar nəticəsində vaxtilə Gəncə Dövlət Filarmoniyasının direktoru olmuş Hüseyn Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub Milli Arxiv İdarəsindən əldə edilib. Məktubla tanışlıqdan bəlli olub ki, xanəndə ilə bağlı axtarışlar Məşədi Məmməd Fərzəliyev deyil, “Mehmet Ferzalı” adı üzrə aparılmalıdır. Çünki Firudin Şuşinskiyə ünvanlanan məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun “Mehmet Çaylı (Ferzalı)” adı ilə fəaliyyət göstərdiyi qeyd edilib.

Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə Türkiyədə yaşayıb-yaradan, jurnalist və araşdırmaçı Dilqəm Əhməd və Azərbaycanın tanınmış şəxsiyyətlərinin nəsil şəcərələrini araşdıran araşdırmaçı, jurnalist Hafiz Əhmədov da cəlb edilib. Dilqəm Əhmədin Türkiyədə əldə etdiyi arxiv sənədləri əsasında məlum olub ki, 1950-ci ildə qardaş ölkədə xanəndənin yaradıcılığının 50 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilib. Həmin dövrdə İstanbulda “Azəri muzik heyəti” adlı qrup fəaliyyət göstərib, Türkiyədə və xaricdə Azərbaycan musiqisi və muğamlarından ibarət repertuarla konsertlər verib. “Azəri muzik heyəti”nin rəhbəri məşhur xanəndə M.M.Fərzəliyev olub. Həmçinin axtarışlar nəticəsində xanəndənin ifasında üç lent yazısı da aşkarlanmışdı.

Uzun axtarışlar nəticəsində Dilqəm Əhməd xanəndənin oğlu Mahmud Çaylının və nəvəsi Çingiz Çaylının birgə dəfn olunduqları məzarı İstanbulun Feriköy məzarlığında aşkara çıxarıb. Xanəndənin məzarının tapılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, M.M.Fərzəliyev 1929-cu ildən 1962-ci ilə qədər Türkiyədə aktiv musiqi yaradıcılığı ilə məşğul olub. Müxtəlif konsert layihələrinin həyata keçirilməsinə rəhbərlik edib. Türkiyədə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını dəfələrlə tamaşaya qoyub, özü də əsərdə rol alıb. Onun yanında tarzən kimi fəaliyyət göstərmiş Hüseyn adlı bir musiqiçi də olub. Təxmin edilir ki, həmin tarzən də Türkiyəyə mühacir edən azərbaycanlılardan biri imiş.

Qeyd edək ki, Məşədi Məmməd Fərzəliyev Şuşada anadan olub. Gənc yaşlarından Şuşanı tərk edib, bir müddət Gəncədə, sonralar isə Tbilisi, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşayıb, xanəndəlik edib.

Lalə Azəri